Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
İyunun 24-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların müraciətlərini dinləyib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Dövlət Komitəsindən verilən məlumata görə, görüşdə vətəndaşların müraciətləri diqqətlə dinlənilib və qeyd edilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə həll olunacaq.
Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat və təhlükəsiz yaşayış şəraitinin təmin olunması məqsədilə verdiyi tapşırıqların ardıcıllıqla həyata keçirildiyi, Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini diqqətlə izlədiyi, onun tapşırıqları ilə müvafiq tədbirlərin görüldüyü vurğulanıb.
Komitə sədri diqqətə çatdırıb ki, işğaldan azad edilmiş ərazilərdə görülən bərpa işlərinə uyğun olaraq, ilk növbədə, qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülür.
Vətəndaşların müraciətləri əsasən işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub.