Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzi fəaliyyətə başlayıb
Yevlaxda yeni fəaliyyətə başlayan “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzi vasitəsilə kənd təsərrüfatı sahələrinin, dövlət əhəmiyyətli strateji obyektlərin, iaşə və xidmət obyektlərinin, xüsusən də əhalinin elektrik enerjisi təchizatında fasiləsizliyin, dayanaqlılığın və səmərəli idarəetmənin təmin olunması həyata keçiriləcək. SİA xəbər verir ki, bunu Yevlax rayona təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə deyib.
O, burada 35/10 kV-luq hər birinin gücü 6,3 MVA olan iki güc transformatorunun, müasir avadanlıqlarla təchiz olunmuş 35 və 10 kV-luq qapalı paylayıcı qurğuların quraşdırıldığını qeyd edib:
“Mərkəzin elektrik təchizatı üçün “Yevlax” yarımstansiyasından 14 kilometr uzunluğunda elektrik veriliş xətti çəkilib. “Dəliməmmədli”, “Kürəkçay”, “Ağdaş”, “Ağsu”, “Tərtər” və “Dəmir Beton Məmulatları” yarımstansiyaları Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinə inteqrasiya olunub. Bununla da vahid mərkəzdən operativ dispetçer xidməti tərəfindən texniki parametrlərin daimi izlənməsi və idarə olunması təmin edilib.
Mərkəz elektrik şəbəkələrinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həlli üçün layihələndirilib”.
Direktorun sözlərinə görə, bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanmasını təmin edir:
“Bütün texnoloji ölçmələrin yüksək dəqiqliyini və vahidliyini təmin edən Mərkəzdə şəbəkənin etibarlı istismarı dəstəklənməklə yanaşı, elektrik enerjisinin paylanması zamanı itkilərin və ümumi istismar xərclərinin azaldılmasına da şərait yaranır. Mərkəzdən qidalanan istehlakçıların enerji təchizatında yaranacaq planlı fasilələr barədə onlayn qaydada əvvəlcədən məlumatlandırılması imkanı yaradılıb.
Alınan və ötürülən elektrik enerjisinin miqdarına görə yarımstansiya işinin multifunksional rejimdə qurulması cihaz və avadanlıqların bir-biri ilə koordinasiyasının tam təmin olunmasına imkan verir”.
“Azərenerji” nümayəndəsi əlavə edib ki, burada əməliyyatların paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılması, habelə informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyəti, yaşıl enerji mənbələrinin şəbəkəyə inteqrasiyası həyata keçirilir.
Mərkəzdə yerləşən yarımstansiya qapalı tiplidir. Buna görə də istismar və idarəetmə əməliyyatları məsafədən həyata keçirildiyindən daimi işçi heyətə ehtiyac olmur. Mərkəzin ərazisində əhaliyə xidmət göstərmək məqsədilə elektromobillər üçün sürətli enerjidoldurma cihazları da quraşdırılıb.
Xatırladaq ki, iyunun 23-də Prezident İlham Əliyev Yevlaxda “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak edib.