Nazirlər Kabineti dövlət informasiya ehtiyatları və sistemləri barədə qərar verib
Nazirlər Kabineti “Dövlət informasiya ehtiyatları və sistemləri, habelə elektron xidmətlərlə bağlı layihələrə texniki və səmərəlilik baxımından məqsədəuyğunluq barədə rəy verilməsi Qaydası”nı təsdiq edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Qayda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna uyğun hazırlanıb, mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və digər büdcə təşkilatları, həmçinin yerli özünüidarəetmə orqanları (bundan sonra – qurum) tərəfindən dövlət informasiya ehtiyatları və sistemləri, habelə elektron xidmətlərlə bağlı təqdim olunan layihələrə onların texniki və səmərəliliyi baxımından məqsədəuyğunluğu barədə rəyin verilməsi qaydasını müəyyən edir.
Qaydada istifadə olunan anlayışlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Elektron imza və elektron sənəd haqqında” qanunlar, ölkə Prezidentinin 12 sentyabr 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”, həmçinin digər normativ hüquqi aktlarla müəyyən edilmiş mənaları ifadə edir.
Qayda əldə edilməsi məhdudlaşdırılmış informasiyanı ehtiva edən informasiya ehtiyatlarına və sistemlərinə, habelə kritik informasiya infrastrukturu obyektlərinə həmin sahələri tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiq edilir.