Siyasət

Ölkənin enerji siyasətində yeni mərhələnin başlanğıcı


2025-ci il iyunun 24-də Azərbaycanın enerji sektorunda mühüm və əhəmiyyətli hadisə baş vermişdir. Həmin gün Prezident İlham Əliyevin və bir sıra xarici şirkət rəhbərlərinin iştirakı ilə Mingəçevir şəhərində “8 Noyabr” Elektrik Stansiyasının açılışı keçirilib.

Ümumi gücü 1880 MVt olan bu stansiya Azərbaycanın müstəqillik dövründə inşa edilən ən iri elektrik enerjisi istehsal müəssisəsi kimi ölkənin enerji tarixində xüsusi yer tutur. Bu layihənin strateji əhəmiyyəti ondan ibarətdir ki, bu stansiya təkcə ölkənin daxili enerji tələbatının ödənilməsində deyil, həm də ixrac potensialının artırılmasında mühüm rol oynayacaq.

Mingəçevir şəhəri İkinci dünya müharibəsindən sonra yaradılan gənc sənaye şəhəridir. 1945-ci ildə Mingəçevirdə, Kür çayı üzərində Su Elektrik Stansiyasının inşası başlanılır və bu stansiya 1954-cü ildə işə salınır. Sonradan burada su tutumu 16 milyard 300 milyon kubmetr olan Mingəçevir su anbarı istifadəyə verilir. Bundan başqa Mingəçevirdə Cənibi Qafqazın ən böyük istilik elektrik stansiyası fəaliyyət göstərir. 8 bloklu bu Stansiyanın ümumi gücü 2400 meqavatdır. Beləliklə, “Nur şəhəri” adlandırılan Mingəçevir ölkənin əsas enerji mərkəzinə çevrilir.

İyunun 24-də Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyası istifadəyə verildi. Prezident İlham Əliyevin 2022-ci ildə imzaladığı Sərəncama əsasən inşasına başlanan bu layihə rekord sayılacaq müddətdə – cəmi iki il ərzində uğurla başa çatdırılıb. Layihənin hazırlanması və icrasında Azərbaycanın mühəndisləri əsas rol oynayıb və texniki həllər dünya təcrübəsi ilə uzlaşdırılaraq, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə həyata keçirilib.

“8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev deyib ki, “8 Noyabr” Elektrik Stansiyasının açılışı çox gözəl hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək. Dövlətimizin başçısı qeyd edib: “Ümumilikdə bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir. Bu gün 8 Noyabr elektrik stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır”.

Bu stansiyada tətbiq olunan ən son texnoloji həllər və dünyanın aparıcı enerji istehsalı avadanlıqları sayəsində yanacaq sərfiyyatı əhəmiyyətli dərəcədə azaldılıb, faydalı iş əmsalı artırılıb və ətraf mühitə təsir minimuma endirilib. Bu baxımdan “8 Noyabr” Elektrik Stansiyası həm ekoloji, həm də iqtisadi səmərəliliyi ilə seçilən nümunəvi enerji layihəsi hesab olunur və ölkənin enerji siyasətində yeni mərhələnin başlanğıcını simvolizə edir.

Bildirilib ki, “8 Noyabr” elektrik stansiyası ölkənin enerji potensialını təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi statusunu daha da gücləndirəcək. Hazırda Mingəçevirdə elektrik enerjimizin 40 faizdən çoxunun istehsal olunduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib ki, görülmüş bütün bu işlər bir daha Azərbaycanın doğru yolda olduğunu göstərir.

Stansiyanın tikintisində İtaliyanın “Ansaldo Energia” və Çinin “Dongfang” şirkətləri ilə yanaşı, yerli ixtisaslaşmış BCC Group da iştirak edib ki, bu da Azərbaycanın enerji sektorunda milli kadr potensialının və sənaye imkanlarının sürətlə inkişaf etdiyini təsdiqləyən əhəmiyyətli göstəricidir. Mərasimdəki çıxışında ölkə başçısı həm İtaliya, həm də Çinin Azərbaycanın strateji tərəfdaşları olduğunu bildirib. İtaliya və Çinlə strateji tərəfdaşlıq haqqında bəyannamələrin imzalandığını deyən dövlətimizin başçısı vurğulayıb ki, onun həmin ölkələrə çoxsaylı səfərləri nəticəsində bir çox istiqamətlər üzrə çox gözəl nəticələr əldə edilmişdir. İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğunu söyləyən Prezident İlham Əliyev Çinin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdə olduğunu diqqətə çatdırıb.

Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır və təsadüfi deyil ki, Avropa İttifaqı Azərbaycanı etibarlı tərəfdaş və pan-Avropa qaz təchizatçısı adlandırır. Hazırda Azərbaycan qazının kəmərlər vasitəsilə 12 ölkəyə ixrac edildiyini diqqətə çatdıran dövlətimizin başçısı bildirib: “Məhz bu göstəriciyə, qaz təchizatımızın coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir. Əlbəttə ki, bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir”.

Bu gün Azərbaycan enerji siyasətində yeni mərhələyə qədəm qoyur. Bərpaolunan enerji layihələri ilə yanaşı, “8 Noyabr” kimi müasir və səmərəli stansiyalar enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, enerji ixrac imkanlarının genişləndirilməsinə, ətraf mühitin mühafizəsinə və regionda iqtisadi əməkdaşlığın güclənməsinə xidmət edir. Beləliklə, ölkəmizin enerji siyasəti təkcə iqtisadi inkişaf deyil, həm də qlobal enerji keçidinə və regional sabitliyə töhfə verən strateji model kimi nümunə göstərilir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü