Siyasət

Azərbaycanın namizədi yenidən BMT-nin Əməkçi Miqrantlar Komitəsinin üzvü seçilib


Nyu Yorkda BMT-nin Baş Qərargahında “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında Beynəlxalq Konvensiya”ya Tərəf Dövlətlərin 12-ci iclası keçirilib. SİA xəbər verir ki, Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyindən verilən məlumata görə, daimi nümayəndə Tofiq Musayev Konvensiyaya Tərəf Dövlətlər tərəfindən adıçəkilən iclasın sədri seçilib. İclas çərçivəsində BMT-nin Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması üzrə Komitəsinin 2026-2029-cu illər üzrə üzvlüyünə 2025-ci il dekabrın 31-dən sonra vakant olacaq 7 yer üçün seçkilər baş tutub. Seçkilərdə Azərbaycan Respublikasının namizədi Azad Tağı-zadə ilə yanaşı, Albaniya, Bosniya və Herseqovina, Ekvador, Benin, Niger, Madaqaskar və Seneqalın namizədləri mübarizə aparıblar.

Seçkilərin nəticəsinə əsasən, Azad Tağı-zadə səs verən 57 ölkədən 55-nin səsini qazanaraq ən yüksək nəticə göstərib və yenidən BMT-nin Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması üzrə Komitəsinin 2026-2029-cu illər üzrə üzvü seçilib.

Qeyd edək ki, BMT-nin Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması üzrə Komitə 14 müstəqil ekspertdən ibarətdir və Tərəf Dövlətlər tərəfindən “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında Beynəlxalq Konvensiya”nın icrasına nəzarət edən bir orqandır.