Siyasət

Ceyhun Bayramov Müctəba Dəmirçilu ilə görüşüb…



Azərbaycanın xarici işlər naziri İranın yeni səfiri ilə İsrail-İran qarşıdurmasını müzakirə edib



İyunun 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranının ölkəmizdə yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilu ilə görüşüb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, görüş zamanı səfir etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edib, ona ölkəmizdə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Sonra iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, bölgədə cari təhlükəsizlik məsələləri, o cümlədən, İsrail-İran qarşıdurması müzakirə olunub.

Azərbaycanla İran arasında dost münasibətlərin inkişafında ölkə liderləri arasında təmasların, o cümlədən mövcud siyasi dialoqun vacibliyi, ümumi maraq kəsb edən məsələlərin müzakirəsinin əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi vurğulanıb.

İsrail-İran qarşıdurması ilə əlaqədar ölkəmiz tərəfindən nümayiş etdirilmiş mövqe və narahatlığımız bir daha diqqətə çatdırılıb. İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin, digər rəsmi şəxslərin və İran vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı diləkləri səfirə bildirilib. Mövcud problemləri yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyin vacibliyi qeyd edilib.

Azərbaycanın quru sərhədindən istifadə etməklə müxtəlif ölkələrin və İranın vətəndaşlarına keçid üçün şərait yaradıldığına görə Azərbaycan tərəfinə təşəkkür ifadə olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.