Siyasət

“Daxili siyasətdə əsas prioritetlərdən biri regionların tarazlı və dayanıqlı inkişafıdır”


“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu günlərdə ölkənin əsas regionlarından biri olan Yevlax şəhərinə səfər etmişdir. Bu səfər çərçivəsində bir sıra sosial, iqtisadi və infrastruktur layihələrinin açılış mərasimləri keçirilmiş, yeni müəssisələr istifadəyə verilmişdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, eyni zamanda dövlət başçısı regionun inkişafı ilə bağlı həyata keçirilən layihələrin gedişatı ilə tanış olmuş və yerli əhali ilə görüşlər keçirmişdir: “Bu cür səfərlər, ilk növbədə, regionların inkişafına göstərilən dövlət qayğısının və Prezidentin yerlərdə aparılan işlərə nə qədər önəm verdiyinin göstəricisidir. Yevlaxda həyata keçirilən layihələr yalnız həmin şəhərin deyil, ümumilikdə Azərbaycanın regionlarının sosial-iqtisadi inkişaf konsepsiyasına uyğun şəkildə planlaşdırılıb. Yeni müəssisələrin açılışı isə həm məşğulluğun artırılmasına, həm də əhalinin rifah halının yüksəldilməsinə birbaşa təsir göstərir.

Əlbəttə ki, cənab Prezidentin həyata keçirdiyi xarici siyasət Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi, ölkəmizin sülhsevər, sabitlik tərəfdarı və güclü tərəfdaş imici formalaşdırması baxımından olduqca vacibdir. Lakin burada bir vacib məqamı da qeyd etmək lazımdır: Prezident İlham Əliyev təkcə xarici siyasətdə deyil, daxili siyasətdə də ardıcıl, məqsədyönlü və xalqın maraqlarına əsaslanan strategiya yürüdür.

Daxili siyasətdə əsas prioritetlərdən biri regionların tarazlı və dayanıqlı inkişafıdır. Bu siyasət çərçivəsində illərdir ki, respublikamızın bütün bölgələrində genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır, yeni yollar salınır, məktəblər, xəstəxanalar və mədəniyyət ocaqları tikilir, sahibkarlığın inkişafı üçün münbit şərait yaradılır. Prezidentin Yevlax səfəri də bu siyasətin bir hissəsi olaraq qiymətləndirilməlidir. Eyni zamanda bu səfərlər dövlət başçısının daim xalqla birbaşa təmasda olmağa çalışdığını və əhalinin problemlərini yerindəcə öyrənərək operativ şəkildə həll yolları tapmaq niyyətini ortaya qoyur. Bu, həm də cənab Prezidentin rəhbərlik üslubunun – yəni şəffaf, məsuliyyətli və xalqla bağlılığın əsasda dayandığı bir idarəetmə modelinin göstəricisidir.

Beləliklə, cənab Prezidentin Yevlax səfəri həm strateji, həm də simvolik baxımdan əhəmiyyətli idi. Bu səfər bir daha sübut etdi ki, ölkə rəhbərliyi yalnız paytaxtda deyil, bütün regionlarda bərabər və davamlı inkişafın təmin olunmasına böyük önəm verir. Prezident İlham Əliyevin bu istiqamətdəki fəaliyyəti xalqın etimadına və rifahına xidmət edən güclü dövlətçilik nümunəsidir”.