Siyasət

“Münaqişənin regionalmiqyaslı bir müharibəyə çevrilmək təhlükəsi var”


“Ümumiyyətlə, İsrail-İran münasibətləri bütün Yaxın və Orta Şərq, eləcə də müəyyən qədər Mərkəzi Asiya və Qafqaz üçün yaxşı bir gələcək vəd etmir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

O bildirib ki, son 30-40 il ərzində bu münasibətlərin həmişə gərgin qalması dünyanı və bu bölgəni narahat vəziyyətdə saxlayıb: “Hazırda müvəqqəti atəşkəs elan olunub, lakin onun uzun müddət davam edəcəyinə dair heç bir təminat yoxdur. Atəşkəsdən sonra atılacaq addımlar, imzalanacaq hər hansı bir saziş və onun icra olunub-olunmayacağı da qeyri-müəyyəndir.

Belə bir şəraitdə hər iki ölkə öz iddialarından geri çəkilmir və özlərini haqlı sayır. Bu isə o deməkdir ki, hərbi əməliyyatlar hər an yenidən başlaya və davam edə bilər. Aydındır ki, bu vəziyyət bölgə üçün yaxşı gələcək vəd etmir. Çünki bu münaqişənin regional miqyaslı bir müharibəyə çevrilmək təhlükəsi var. Həmçinin, regionda yeni ölkələrin də bu münaqişəyə müxtəlif formalarda cəlb olunması riski artır. Müharibə və gərginlik davam etdikcə, onun təsirləri ətraf dövlətlərə də yayıla bilər.

Nəzərə alsaq ki, İran müəyyən dərəcədə nüvə proqramına sahibdir, ona ediləcək hərbi zərbələrin radiasiya təhlükəsi yaradacağı da istisna olunmur. Bu isə qonşu ölkələr üçün, xüsusən də radiasiya təhlükəsi baxımından ciddi narahatlıq doğurur. Heç bir ölkə istəməz ki, onun yaxınlığında hərbi əməliyyatlar və müharibə olsun. İranın ətrafında yerləşən ərəb ölkələri, Pakistan, Əfqanıstan, Mərkəzi Asiya dövlətləri, Qafqaz ölkələri, Türkiyə və Azərbaycan da bu narahatlıqları bölüşür. İsrail-İran münasibətləri müharibə vəziyyətində qaldıqca, bütün bu ətraf qonşular üçün, o cümlədən Azərbaycan üçün də ciddi narahatlıq doğuran vəziyyət yaranır”.