Silahlı Qüvvələr – sabitliyin və sülhün zəmanəti
Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir. Danılmaz həqiqətdir ki, dövlət anlayışı ilə ordu gücü vəhdət təşkil edir. Çünki azad, müstəqil dövlətin nüfuzu mədəni, siyasi, iqtisadi, elmi inkişafı ilə yanaşı malik olduğu ordusunun gücü ilə də ölçülür. Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir. Bu gün artıq dünya müasir hərb sənətinə öz şərəfli imzasını atmış Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi bütün ömrünü xalqının xoşbəxt gələcəyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş unudulmaz Heydər Əliyevin adı ilə sıx bağlıdır.
1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə ordu quruculuğunda yeni mərhələ başlandı. Orduya dövlət səviyyəsində diqqət artdı, struktur islahatları həyata keçirildi, peşəkar kadr hazırlığı gücləndirildi, hərbi hissələrin maddi-texniki təminatı yüksəldildi. 1998-ci ildə Ulu Öndərin imzaladığı sərəncama əsasən 26 iyun rəsmi olaraq Silahlı Qüvvələr Günü kimi qeyd olunmağa başladı.
Silahlı Qüvvələr Günü təkcə hərbi uğurların qeyd edildiyi bir gün deyil, həm də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin ehtiramla anıldığı, qazilərimizə və hazırda Vətənə xidmət edən hərbi qulluqçularımıza minnətdarlığın bildirildiyi gündür.
Beləliklə, döyüş meydanında sözünü demiş, gücünü göstərmiş Azərbaycan Ordusu dünyanın ən qüdrətli orduları sırasındadır. Ölkəmizin strateji üstünlüklərindən biri olan bu reallıq Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu nizami və güclü ordu quruculuğu siyasətinin Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində yaranıb.
Müstəqillik illərində Azərbaycan Silahlı Qüvvələri böyük inkişaf yolu keçmiş, regionun ən güclü ordularından birinə çevrilmişdir. 2016-cı ildə Aprel döyüşləri, 2018-ci ildə isə Günnüt əməliyyatı zamanı tarixi qələbələr qazanan Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Ermənistanın silahlı qüvvələrini darmadağın etməsi tarixi zəfərdir. Bu zəfər müasir ordu quruculuğunun ən böyük nəticəsi və qürur mənbəyidir.
Prezident İlham Əliyev həm hərbi, həm diplomatik, həm də informasiya müharibəsində uğur qazanaraq, Azərbaycanın tarixində yeni bir mərhələnin əsasını qoydu. O, həm də dünya birliyinə göstərdi ki, güclü orduya və siyasi iradəyə malik olan bir xalq heç zaman məğlub edilə bilməz. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev çıxışlarında “Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq – müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi,” – deyə qeyd etmişdir.
Yeni mərhələdə də ordu quruculuğu xüsusi diqqət mərkəzindədir. Müasir tələblərə cavab verən silah-sursat, texnikalar alınır, həmçinin yeni silahlı birləşmələr yaradılır. Komando Briqadasının yaradılması isə olduqca önəmlidir. Bir sözlə, hərbi gücümüzün artırılması postmüharibə dönəmində də strateji prioritetlərdən biridir.
Silahlı Qüvvələr Günü dövlətçiliyimizin, suverenliyimizin və milli qürurumuzun təcəssümüdür. Güclü ordu – güclü dövlətin əsas dayağıdır. Azərbaycan bu prinsipi rəhbər tutaraq ordusunu daim gücləndirir, sülhün və sabitliyin qarantı olan hərbi qüvvələrini ən yüksək səviyyəyə çatdırmağa davam edir. Azərbaycan xalqı öz ordusuna güvənir, ordusu ilə fəxr edir. Çünki bu ordu Vətənin azadlığı və müstəqilliyi uğrunda canından keçməyə hazır olan qəhrəmanların ordusudur. Şanlı ordumuz bu gün öz gücünü daha da artırmaqla təkcə regionda deyil, dünyanın aparıcı orduları sırasında da yer alır. O siyahıda dünya nəhəngi ölkələrin olmasına baxmayaraq, Azərbaycan Ordusu cari əsrin yeganə ədalətli və Qalib ordusu olaraq qalmaqdadır.
Şübhəsiz ki, hərb meydanında tarix yazmış və tarixə yazılmış qalib Azərbaycan Ordusu bundan sonra da öz üzərinə düşən vəzifələri şərəflə və ləyaqətlə yerinə yetirmək gücündə, əzmində və iqtidarındadır. Biz şanlı Ordumuza inanır, Müzəffər Ali Baş Komandanımıza güvənir, tarixi Zəfərimizlə fəxr edirik!
Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri