Sosial

Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev iyunun 25-də Şirvan şəhərində vətəndaşlarla görüşüb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Dövlət Komitəsindən verilən məlumata görə, görüşdə əsasən Şirvan və Salyanda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.

Müraciətlərdə dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış yerlərinin təmiri, vahid aylıq müavinətin təyin olunması, məşğulluq məsələləri, eləcə də Böyük Qayıdışla bağlı müraciətlər üstünlük təşkil edib.

Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasının, məşğulluğunun artırılmasının prioritet istiqamət olduğu, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi vətəndaşlara bir daha xatırladılıb.

Diqqətə çatdırılıb ki, hazırda dövlətimizin başçısının qarşıya qoyduğu ən mühüm vəzifə onların işğaldan azad olunmuş ərazilərə, doğma yurda qayıdışını sürətləndirmək, orada təhlükəsiz və layiqli həyat şəraiti yaratmaqdır.

Qayıdışın uğurla davam etdirildiyi, mərhələli qaydada aparılan bu prosesdə, ilk növbədə, müvəqqəti məskunlaşma yerlərində ən ağır vəziyyətdə yaşayanların köçürülməsinə üstünlük verildiyi diqqətə çatdırılıb.

Görüş zamanı vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunub. Müraciətlərdə vurğulanan digər məsələlərin qısa müddətdə araşdırılacağı, həmçinin aidiyyəti üzrə dövlət qurumlarına çatdırılacağı bildirilib.