Dünya

Rusiya Stepnoqorskda çoxmərtəbəli binanı vurub…



…dağıntılar altından qadının cəsədi tapılıb



Rusiya Stepnoqorsku aviasiya və artilleriya ilə atəşə tutub. Mərmilərdən biri çoxmərtəbəli binaya düşüb.

SİA-nın məlumatına görə, bu barədə Zaporojye vilayət dövlət administrasiyasının rəhbəri İvan Fyodorov xəbər verir.

İyunun 29-u səhər saat 06:00 radələrində Rusiya qoşunları Zaporojye vilayətinin Stepnoqorsk şəhərinə kütləvi zərbələr endirib.

Yaşayış infrastrukturu zərbələrə tuş gəlib, mərmilərdən biri doqquzmərtəbəli binaya düşüb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, Rusiya idarəolunan aviasiya bombalarından, reaktiv artilleriyadan, lülə artilleriyasından və dronlardan istifadə edib.

Zərbə nəticəsində çoxmərtəbəli binanın dağıntıları altından 70 yaşlı qadının meyiti tapılıb. Onun cəsədini xilasedicilər dağıntılar arasında təmizləmə işləri apararkən aşkar ediblər.

Hadisə yerində fövqəladə xidmətlər işləyir, hücumun nəticələrinin aradan qaldırılması davam edir.

Qeyd edək ki, Rusiya iyunun 29-na keçən gecə Ukraynanı rekord sayda (537) atəşə tutub. Hava hücumundan müdafiə qüvvələri onların çoxunu vurub, lakin bəzi zərbələr hədəfə dəyib.