Əmlakların qiymətləndirilməsi prosesində hansı sənədlərin olması zəruridir?
“Qiymətləndirmə prosesində ilk və ən vacib mərhələ daşınmaz əmlakla bağlı lazımi sənədlərin toplanmasıdır”. Bu sözləri SİA-ya açıqlamasında Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov deyib.
Onun sözlərinə görə, qiymətləndirmə aparılacaq əmlakın növünə və təyinatına görə sənədlər dəyişə bilər. Lakin ümumilikdə aşağıdakı sənədlər tələb olunur: “Hüquqi sənədlər: Mülkiyyət hüququnu təsdiqləyən çıxarış (kupça), torpaq sahəsinə dair dövlət aktı və ya icarə müqaviləsi, tikintiyə icazə və istismara qəbul aktı.
Texniki sənədlər: Texniki pasport, bina planı, kadastr və torpaq ölçü planı.
Əlavə sənədlər: Əgər dəyərə təsir edə biləcək hallar varsa – icarə müqavilələri, texniki vəziyyət aktları, layihə-smeta sənədləri və əmlak üzərində yüklülük barədə arayışlar da təqdim edilməlidir”.
Sədr bildirib ki, Azərbaycanda qiymətləndirmə rəyinin qanuni qüvvədə olma müddəti dəqiq qanunvericiliklə tənzimlənməsə də, bu sahədə qəbul olunmuş beynəlxalq və yerli praktikaya əsasən qiymətləndirmə hesabatı hazırlandığı tarixdən sonra adətən 3-6 ay müddətində hüquqi cəhətdən qəbul edilir; “Xüsusilə banklar və notariuslar qiymətləndirmə tarixindən 6 aydan artıq keçməsini etibarsızlıq əlaməti kimi qəbul edə bilərlər. Bu müddət keçdikdə yeni qiymətləndirmə aparılması və ya mövcud hesabatın aktuallaşdırılması tələb olunur.
Qiymətləndirmədə hansı metodlar tətbiq olunur?
Əmlakın bazar dəyəri beynəlxalq qiymətləndirmə standartlarına əsasən üç əsas yanaşma ilə müəyyən edilir:
Bazar (müqayisəli) yanaşması: Ən çox istifadə edilən yanaşmalardan biridir. Eyni və ya oxşar xüsusiyyətlərə malik əmlakların bazarda hansı qiymətə satılması müqayisə edilir. Metdoları:
- Satış müqayisə metodu
- Multiplikatorların təhlili
Gəlir yanaşması: Əmlak gəlir gətirirsə, bu yanaşma ilə gələcəkdə gözlənilən gəlirlər nəzərə alınır. Metodları:
- Kapitallaşdırma metodu
- Diskontlaşdırılmış pul axını metodu
Xərc yanaşması: Əmlakın eynisinin və ya bənzərinin bu günkü şəraitdə yenidən yaradılması xərcləri təhlil olunur.Metodları:
- Əvəzetmə metodu
- Bərpa dəyəri metodu”.