“Azərbaycan mediası öz işini peşəkar formada yerinə yetirir”
“Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2025-ci il tarixli Sərəncamında qeyd olunur ki, Azərbaycan mediası Vətən müharibəsi dövründə əsl vətənpərvərlik, həmrəylik nümunəsi sərgiləyib. Prezidentin Sərəncamında yer tutan bu cümlələr mediamızın həm peşəkar, həm də vətənpərvər olduğunu göstərir və Azərbaycan jurnalistikasının tarixi fəaliyyətini qiymətləndirmək üçün mənbə rolunu oynayır. Sərəncam Azərbaycan mediasının keçmiş fəaliyyətini qiymətləndirməklə yanaşı, həm də jurnalistikamızın gələcək fəaliyyətindən gözləntiləri ifadə edir”. Bu sözləri SİA-ya açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib.
O bildirib ki, diqqət yetirsək görərik ki, Azərbaycan mediası öz işini, həqiqətən də, peşəkar formada yerinə yetirir: cəmiyyətin məlumatlandırılması və maarifləndirilməsi missiyasını uğurla davam etdirir: “Bununla yanaşı, Azərbaycan mediası həm də vətənpərvərdir, milli təəssübkeşlik hissi yüksəkdir. Son 30 il müddətində cəbhə xəttinə yollanan, Qarabağ həqiqətlərini işıqlandırmaq, Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmaq istəyən 11 nəfər media işçimiz fəaliyyətini yerinə yetirərkən şəhid olub. Onlarla jurnalistimiz fiziki xəsarətlər alıb. Yəni, Azərbaycan jurnalistləri sözü, qələmi ilə informasiya məkanımızı qoruduğu kimi, yeri gələndə canı və qanı bahasına torpaqlarımızın keçiyində dayanır. Bu iki komponentin vəhdətdə olması, Azərbaycan mediasının simasını müəyyən edir.
Peşəkar mediamız eyni missiyanı bu gün də davam etdirir. İnformasiya məkanımızın kənar müdaxilərdən qorunmasında, ictimai rəyin sabit tutulmasında, düzgün istiqamətə yönəldilməsində mühüm rol oynayır. 44 günlük Vətən müharibəsi zamanı dünya mediası Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatlar barədə məlumatları daha çox Türkiyə informasiya agentliklərindən və Türkiyə TV-lərindən alırdılarsa, indi bu tendensiya dəyişib. 2021-ci ildən sonrakı bütün proseslərdə xarici medianın istinadları tamamilə Azərbaycan mediasının üzərinə köklənib.
Hesab edirəm ki, bu nailiyyətlərin əldə edilməsində Azərbaycan dövlətinin, xüsusilə, cənab Prezidentin göstərdiyi qayğı və diqqət mühüm rol oynayır. 2022-ci ildə qüvvəyə minmiş “Media haqqında” Azərbaycan Respublikasının Qanunu dövlət və media münasibətlərinin hüquqi mənzərəsini aydınlaşdırır. Yeni qanunu rəqəmsal transformasiya dövründə media subyektlərinin tiplərinin qorunub saxlanılmasını təmin edir. “Media haqqında” yeni Qanun ölkəmizdə fəaliyyət göstərən jurnalistlərin səlahiyyətlərini müəyyənləşdirmək, haqlarını qorumaq üçün faydalıdır. Qanunun qəbulundan 3 ay sonra, 13 may 2022-ci il tarixində Azərbaycanda kütləvi informasiya məhsullarıının ərsəyə gəlməsi üçün kağızın idxalı və satışı Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilib. Bu dövr ərzində media subyektlərinin inkişafını təmin etmək üçün verilən dövlət dəstəyinin həcmi artırılıb. Məlumat üçün bildirək ki, 2009-2020-ci illərdə ölkədə dövlət hesabına yalnız çap media subyektlərinə – qəzetlərə dəstək göstərilirdisə, indi həmin dəstək həm də onlayn media subyektlərinə aid edilir. Son 3 ildə hər il üzrə 39 xəbər saytı (xəbər portalı) və 17 qəzet redaksiyası olmaqla ümumilikdə 56 media subyektinə maliyyə yardımı ayrılır. Dövlətin verdiyi dəstək ölkədə KİV qollarının paralel inkişafını təmin edir. Azərbaycan media məkanı son 4 il ərzində aparılan çalışmaların nəticəsi olaraq, tərəqqipərvər, ictimai əhəmiyyət daşıyan media məkanına çevrilib”.