Siyasət

“Böyük Qayıdış üçün dövlət mümkün olan hər şeyi edir”


“Böyük Qayıdışla bağlı çox böyük işlər görülür. Hər şeydən öncə xüsusi vurğulamaq lazımdır ki, Ermənistan və Rusiyanın işğalından azad edilmiş Azərbaycan torpaqlarında üç böyük hava limanı tikilib və istifadəyə verilib. Hər üç hava limanı beynəlxalq status daşıyır. Artıq həmin hava limanlarının açılışı da edilib və xaricdən təyyarlərin uçuşuna da şərait yaradılıb”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, həmçinin işğaldan azad olunmuş torpaqlara çox yüksək səviyyəli qonaqlar gəlir və gəlməyə davam edir: “Digər məsələ isə yol infrastrukturunun qurulması istiqamətində çox böyük işlər görülür. Bunu da xüsusi olaraq vurğulamaq lazımdır ki, artıq Ağdam dəmiryolu stansiyası istifadəyə verilib və qatarlar Ağdama gedib-gələ bilir. Bununla yanaşı quru yolları – asfaltların çəkilməsi istiqamətində çox böyük addımlar atılıb. Bunlardan ən vacibi isə Zəngəzur dəhlizinə aparan yoldur. Çünki Füzulidən Zəngilana qədər asfalt yolu çəkilmişdir.

Ermənistan tərəfi Zəngəzur dəhlizi ilə bağlı maneələri aradan qaldırsa, qısa bir müddətə həmin mövzuda həll olunacaq. Bununla da Naxçıvana quru yolla gedib-gələ biləcəyik. Digər tərəfdən Şuşa şəhəri başda olmaqla yerli sakinlərin öz torpaqlarına qayıdışı gerçəkləşdirilir. Bu günə qədər 40-50 min arası işğaldan azad olunmuş torpaqlara qayıdılıb. Bu proses dayanmır, yeni-yeni kəndlər bərpa edilir və insanlar həmin torpaqlara qaytarılır.

Böyük Qayıdış üçün dövlət mümkün olan hər şeyi edir. Təbiidir ki, bununla bərabər yeni iş yerlərinin açılması insanların öz həyatlarını istədikləri kimi təmin etməsi üçün şəraitlərin yaranmasına kömək edir. İşğaldan azad edilmiş ərazilərdə kifayət qədər müəssisələr və iş yerləri açılır. Bu və ya digər şəkildə insanların işlə təminatı məsələsidə həllini tapır”- deyə ekspert əlavə edib.