İspaniya rekord dərəcədə istilərlə üzləşib
İspaniya rekord dərəcədə istilərlə üzləşib. İyunun 28-də Əndəlüsün Huelva El-Qranado əyalətində havanın temperaturu 46 dərəcəyə yüksəlib. SİA xəbər verir ki, “El Tiempo” qəzetinin məlumatına görə, Montoro və Fuentes-de-Andalucia bələdiyyələrində termometrlər müvafiq olaraq 44 və 43,9 dərəcəni göstərib. Meteoroloqlar yaxın günlərdə regionda temperaturun daha da yüksələcəyi barədə xəbərdarlıq edib.
Ekspertlərin sözlərinə görə, bu meteoroloji müşahidələr dövrü ərzində iyun ayında ölkədə qeydə alınan ən yüksək temperaturdur.
Qeyd edək ki, bir müddət öncə, Fransa güclü qasırğanın təsirinə məruz qalıb. Sürəti saniyədə 38 metrə çatan küləklər yeddi gün davam edən 40 dərəcəlik istilərdən sonra Parisə dolu gətirib, havanın hərarəti isə 20 dəqiqə ərzində 11 dərəcəyə enib. Güclü yağıntı səbəbindən Sena çayı daşıb və Paris metrosunun beş stansiyası su altında qalıb.