“Rusiya tərəfinin xalqımıza qarşı həyata keçirdikləri təəssüf doğurur”
“Tarix boyu Azərbaycan xalqı qonşularla münasibətdə həmişə xeyirxahlıq, səmimiyyət və insani münasibətlər nümayiş etdirib. Azərbaycan ərazisində mövcud olan dövlətlər, o cümlədən Səfəvi imperiyası heç bir xalqa qarşı zülm, dini ayrı-seçkilik, şovinizm və diskriminasiya siyasəti həyata keçirməmişdir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Anar İsgəndərov deyib.
O bildirib ki, çox təəssüflər olsun ki, son günlərdə Rusiya Federasiyası ərazisində baş verən hadisələr ayrı-ayrı insanlara qarşı yox, bütövlükdə türk-müsəlman dünyasına qarşı milli ayrı-seçkiliyin əyani nümunəsidir: “Azərbaycana məxsus təyyarəyə qarşı həyata keçirilən terror aktı göstərdi ki, Rusiya Federasiyasında müəyyən qüvvələr müstəqil Azərbaycanın uğurlarına qısqanır və iki qonşu dövlət arasında münasibətlərin inkişafına mane olmaq istəyir. Bu qüvvələr bəlkə də indiyə bəzi istəklərinə nail ola biliblər. Çünki Yekaterinburqda azərbaycanlılara qarşı həyata keçirilən zorakılıq və çoxsaylı ölümlə nəticələnən faciə göstərdi ki, Rusiya yüz illər boyu onun ərazisində məskunlaşan , bu ölkənin inkişafı üçün əlindən gələni edən azərbaycanlı əhaliyə qarşı insanlığa sığmayan hərəkətlər nümayiş etdirir. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycanda heç bir xalqın nümayəndəsi, o cümlədən rus xalqının nümayəndələri nə dini ayrı-seçkiliyə, nə də milli zülmə məruz qalmışlar. Bu gün Azərbaycan dünyanın ən tolerant dövləti kimi nufuz qazanıb. Bu reallığı heç kim inkar edə bilməz.
Bəli, Rusiya Federasiyası Ukrayna dövləti ilə üç ildən çoxdur ki, qanlı müharibə aparır. Rusiya bu müharibəni öz xeyrinə həll etmək üçün miqrantları da qanunsz şəkildə cəbhələrə göndərir. Çox zaman miqrantları müharibəyə cəlb etmək üçün onları ailə üzvlərinin ölkədən çıxarılması ilə hədələyir, təzyiq və şantaj metodlarından istifadə olunur. Ciddi narahatlıq doğuran hal odur ki, qeyri-rus əhalisinə qarşı həyata keçirilən bu mənfur siyasət bir nəfərin qəzəbi kimi qiymətləndirilə bilməz. Bu işdə əli olanların sayı kifayət qədərdir.
Rusiyanın yüksək çinli məmurları da etiraf edirlər ki, Ukrayna ilə aparılan müharibə beynəlxalq hüququn bütün normalarına ziddir. Miqrantlar nə üçün bu mürabinin iştirakçısı olmalıdırlar? Onlar Rusiyaya pul qazanmağa, ailələrini dolandırmağa üz tutublar. Rusiya Federasiyasının uzun illər Ermənistana havadarlıq etməsi, milyard dollarla silahın Ermənistana bağışlanması və Azərbaycanın tarixi torpağı olan Qarabağın işğalı uzaq tarix deyil. 20 yanvar qırğını, Xocalı faciəsi və onlarla qəddarlıq və soyqırım Azərbaycan xalqının yaddaşından silinməyib”.
“Bu gün dünyanın əksər dövlətləri Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı birləşib. Qərb dövlətləri az qala hər ay Rusiyaya qarşı sanksiya paketi qəbul edir. Rusiya Qərbin hücumlarına qarşı müdafiə olunmaq əvəzinə Rusiyada yaşayan müsəlman xalqlarına, o cümlədən etnik azərbaycanlılara qarşı hər cür amanslzlıq və qəddarlıq tətbiq edir.Əsrlər boyu slavyan xalqları ilə bir cəbhədə olan, ikinci dünya müharibəsində 300 mindən artıq əsgər və zabit itirən Azərbaycan və azərbaycanlıların qəhrəmanlığı nə tez unuduldu? Bakı nefti olmasaydı SSPİ-nin ikinci dünya müharibəsində faşizm üzərində qələbə çalması mümkün deyildi deyən sovet rəhbərliyinin bu fikri nə tez yaddan çıxdı?
Rusiyanın müstəqil Azərbaycana qarşı kiber hücumları, millət vəkili, Azərbaycan-Rusiya Federasiyası parlamentlərarası dostluq qrupunun üzvünə qarşı Rusiya tərəfinin qanunsuz hərəkətləri bağışlanmazdır. Əsrlər boyu Azərbaycan xalqı boyük Nizami, Nəsimi, Füzuli, Vaqif və başqa klassiklərimizlə yanaşı Puşkini, Çexovu, Dostoyevskini, Tolstoyu və başqalarını da oxudu, təbliğ etdi və sevdi. Xalqımızın klassiklərdən öyrəndikləri ilə bu gün Rusiya tərəfinin xalqımıza qarşı həyata keçirdikləri təəssüf doğurur.
Azərbaycan dünyanın gözü qarşısında düşmən tərəfindən işğal olunmuş torpaqlarını geri aldı, düşmənin və havadarlarının arzu və istəklərini ürəklərində qoydu. Azərbaycan xalqını dəmir yumruğ kimi birləşdirmək gücündə olan Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən Müharibəsi nəticəsində Azərbaycanı qalib xalqların cərgəsinə daxil etdi. Cənubi Qafqazda əmin-amanlıq üçün, qonşu xalqlarla sülh şəraitində yaşamaq üçün Azərbaycan həmişə ədalətin, sülhün yanındadır” – deyə o, əlavə edib.