Son 4 ildə dövlət qulluqçularının maaşı 62% artıb
Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, son 4 ildə dövlət qulluqçularının sayı 2,6% və ya 688 nəfər artıb. SİA xəbər verir ki, ötən ilin sonuna olan rəqəmlərə əsasən, ölkədə dövlət qulluqçularının sayı son bir ildə 224 nəfər artaraq 27 360 nəfər olub. Onlardan 69,7%-ni kişilər, 30,3%-ni isə qadınlar təşkil edib.
Məlumat üçün bildirək ki, son 4 ildə dövlət qulluğunda çalışan kişilərin sayı 1,3% və ya 256 nəfər azalıb, qadınların sayı 12,9% və ya 944 nəfər artıb. Son bir ildə isə kişi dövlət qulluqçularının sayı 5 nəfər azalıb, qadınların sayı 229 nəfər artıb.
Rəsmi rəqəmlərə əsasən, Azərbaycanda dövlət qulluqçularının 18,2%-i (4979 nəfər) 30-34 yaşlarındadır.
Yaşa görə sayı ən az olan dövlət qulluqçularını 65 və daha yuxarı yaşda olan şəxslər təşkil edir. Bu yaş qrupuna aid şəxslər ümumi dövlət qulluqçularının cəmi 2%-ni təşkil edir. Səbəb isə pensiya yaşının 65 olmasıdır.
Dövlət qulluqçuları arasında 25 yaşadək olan şəxslərin sayı 757 nəfərdir. Onlar ümumi sayın 2,8%-ni təşkil edir.
Aparılan təhlil zamanı məlum olub ki, 25 yaşadək olan dövlət qulluqçularının sayında qadınlar kişiləri üstələməyi bacarıb. Bu yaşadək olan qadın dövlət qulluqçularının sayı 419 nəfər olub ki, bu da 25 yaşadək dövlət qulluqçularının 55,4%-ni təşkil edib.
Digər yaş qrupları üzrə kişilər böyük üstünlük təşkil edib.
Ən böyük gender fərqi 65 və daha yuxarı yaşlı dövlət qulluqçuları arasında olub. Bu yaş qrupuna daxil olan dövlət qulluqçularının 439 nəfəri (82,2%) kişidir.
Aşağıdakı cədvəldən də göründüyü kimi, son 4 ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı məbləği hər il davamlı olaraq artıb.
Son olaraq 2024-cü ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı məbləği 1971 manat təşkil edib ki, bu da son bir ildə bu məbləğin 2% artması deməkdir. Qeyd edək ki, eyni ildə ölkə üzrə orta aylıq nominal əməkhaqqı məbləği 1009 manat təşkil edib.
Son 5 il ərzində ən yüksək artım 2022-ci ildə qeydə alınıb. 2022-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı məbləği bir il ərzində 40,1% artaraq 1785 manat olmuşdu.
Xatırladaq ki, son 4 ildə dövlət qulluqçularının orta aylıq əməkhaqqı məbləği 62,2% və ya 756 manat artıb. Bu dövrdə ölkə üzrə orta aylıq nominal əməkhaqqı məbləği isə 42,6% və ya 302 manat artıb.