Sosial

“Texniki nasaz olan avtomobillər çox ciddi təhlükə yaradır”


“Texniki nasaz avtomobillər yol hərəkəti təhlükəsizliyi baxımından ciddi risklər yaradır. Belə nəqliyyat vasitələri qəza ehtimalını artırmaqla yanaşı, digər sürücülərin və sərnişinlərin həyatını da təhlükə altına atır. Ən çox rast gəlinən hallar arasında əyləc sistemində nasazlıq, işıqlandırma vasitələrinin işləməməsi, sükan idarəetməsində problemlər və mühərrik nasazlıqları yer alır”. Bu sözləri SİA-ya açıqlamasında texnika elmləri üzrə fəlsəfə doktoru, nəqliyyat eksperti Fərhad Eyyubov deyib.

Onun sözlərinə görə, bu cür nasazlıqlar sürücünün nəqliyyat vasitəsini idarə etməsini çətinləşdirir və yolda gözlənilməz vəziyyətlərə səbəb olur: “Eyni zamanda, texniki cəhətdən nasaz avtomobillərin yolun ortasında dayanması və ya hərəkətə mane olması tıxacların yaranmasına və yol-nəqliyyat axınının pozulmasına gətirib çıxarır. Bu isə xüsusilə pik saatlarda ciddi narahatlıq yaradır və təcili xidmətlərin hərəkətinə də mane olur.

Ona görə də sürücülər nəqliyyat vasitələrinin texniki vəziyyətinə daim nəzarət etməli, nasazlıq hallarında avtomobili dərhal texniki baxışdan keçirməlidirlər. Bu, həm onların öz təhlükəsizliyi, həm də ümumi yol hərəkəti üçün vacibdir”.