İqtisadiyyat

Əməkdaşlıq protokolu imzalanıb


Qardaş ölkənin Qaziantep şəhərində Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq haqqında Protokol imzalanıb, həmçinin ali təhsil sistemində audit sahəsində əməkdaşlığı da nəzərdə tutan Tədbirlər Planı təsdiq edilib. SİA xəbər verir ki, mərasim iştirakçıları qarşısında çıxış edən Türkiyə Hesablama Palatasının rəhbəri Metin Yener iki qardaş ölkə arasında əməkdaşlıq üzrə Fəaliyyət Planının üç il müddətinə nəzərdə tutulduğunu bildirib.

“Biz Türkiyə ilə Azərbaycan arasında bir ay və qarşıdakı iki il müddətinə dəqiq addımları nəzərdə tutan əməkdaşlıq çərçivəsi barədə razılığa gəldik”, – deyə o qeyd edib. M.Yener vurğulayıb ki, Ankara nəzarət və audit sahəsində toplanmış təcrübəsini Bakı ilə bölüşməyə hazırdır.

Digər məsələlərlə yanaşı, müxtəlif seminarların və təlim proqramlarının keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, öz növbəsində, Türkiyədə olmasından məmnunluğunu və iki qardaş ölkənin gələcək əməkdaşlığına əminliyini ifadə edib.

İmzalanma mərasimində Qaziantep valisi Kemal Çeber, şəhər bələdiyyəsinin sədri Fatma Şahin və başqaları iştirak ediblər.