Avtobuslardakı havalandırma problemi nəyə görədir?
“Avtobus sürücülərinin havalandırmadan istifadə etməməsinin bir neçə səbəbi var və bu məsələ həm texniki, həm də idarəetmə baxımından izah oluna bilər”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib.
Onun sözlərinə görə, ilk növbədə qeyd edilməlidir ki, bəzi avtobuslarda havalandırma sistemləri texniki cəhətdən ya ümumiyyətlə mövcud deyil, ya da işlək vəziyyətdə deyil: “Xüsusilə köhnə modellərdə bu sistemlər ya sıradan çıxıb, ya da düzgün texniki xidmət göstərilmədiyinə görə istifadə üçün yararsız hala düşüb. Bu səbəbdən də sürücülər havalandırmanı işə salmaq imkanına malik olmurlar. Digər tərəfdən bəzi hallarda sürücülər və daşıyıcı şirkətlər yanacaq və enerji qənaətinə üstünlük verərək kondisionerdən istifadə etməkdən çəkinirlər. Onlar hesab edirlər ki, havalandırma sisteminin işə salınması mühərrikə əlavə yük gətirir və bu da yanacaq sərfiyyatını artırır. Bu yanaşma iqtisadi baxımdan başa düşülən olsa da, sərnişinlərin rahatlığı və sağlamlığı baxımından arzuolunan deyil. Bundan əlavə bəzən sürücülər havalandırmanın işlək olduğunu bilsələr belə onu açmaq istəmirlər. Çünki bəzi sürücülər bu sistemlərin yaratdığı səs-küy, elektrik yükü və ya bəzən öz narahatlıqları səbəbilə kondisioneri açmağı uyğun saymırlar.
Digər bir amil isə nəqliyyat şirkətləri tərəfindən sürücülərə verilən təlimatlar və ya yazılı-şifahi tapşırıqlardır. Bəzi hallarda şirkətlər kondisioner istifadəsini məhdudlaşdırır və ya yalnız müəyyən hallarda istifadəyə icazə verirlər. Nəticədə sərnişinlər isti havalarda pəncərələrin açılmasına məcbur olur, bu isə həm komfortu azaldır, həm də bəzi hallarda təhlükəsizlik və sağlamlıq baxımından risklər yaradır. Mütəxəssislər bildirirlər ki, bu problemin aradan qaldırılması üçün nəqliyyat vasitələrinin texniki baxışına ciddi yanaşılmalı, işlək havalandırma sistemləri ilə təchiz olunmuş avtobuslardan istifadə edilməli və sərnişin komfortu prioritet kimi qəbul olunmalıdır. Eyni zamanda sürücülərə müvafiq təlimatlar verilməli, onların məsuliyyət hissi artırılmalı və havalandırma sistemlərindən düzgün istifadə etmələri təmin edilməlidir”.