Siyasət

Azərbaycanla Özbəkistan arasında parlamentlərarası dialoq genişlənir


Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın Xivə şəhərində bu ölkənin Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumunun əhəmiyyəti yüksək qiymətləndirilərək, tədbirin parlamentlərimiz arasında səmərəli əməkdaşlıq mexanizminə çevriləcəyinə inam ifadə edilib. Qeyd olunub ki, Forum çərçivəsində aparılan müzakirələr və irəli sürülən təkliflər qanunverici orqanlarımız arasında əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edəcək.

Söhbət zamanı ölkələrimiz və xalqlarımız arasında münasibətlərin yüksək səviyyəsindən razılıq ifadə olunub. Vurğulanıb ki, bu əlaqələr xalqlarımız arasında oxşar tarixi, dini, mədəni dəyərlərə söykənir. Parlament sədrləri əlaqələrimizin dərinləşməsində ölkə başçılarının rolunu xüsusi qeyd edib, Azərbaycan və Özbəkistan prezidentlərinin yüksək iradəsi sayəsində ikitərəfli münasibətlərimizin yeni mərhələyə daxil olduğunu bildiriblər. Diqqətə çatdırılıb ki, iki ölkənin prezidentlərinin mütəmadi təmasları, qarşılıqlı səfərləri ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsini təmin edib və bu gün ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edirlər.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında yüksəksəviyyəli əlaqələrin parlament müstəvisində də uğurla davam etdirildiyi qeyd olunub. Vurğulanıb ki, bu görüşlər və deputatlar arasında təmaslar əlaqələrin inkişafına töhfə verir.

Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva da Forumu qanunverici orqanlarımız arasında əlaqələrin yüksək səviyyəsinin göstəricisi kimi qiymətləndirib.

Vurğulanıb ki, “Azərbaycan Respublikasının Milli Məclisi ilə Özbəkistan Respublikasının Ali Məclisinin Senatı arasında əməkdaşlıq haqqında Saziş”in, habelə parlamentlərarası əməkdaşlığın inkişafına dair “Yol xəritəsi”nin imzalanması tərəflərin qarşılıqlı əlaqələrin inkişafına verdiyi önəmin bariz göstəricisidir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.