“İran-İsrail arasında baş verən müharibə region ölkələrinə ciddi təsir göstərir”
“İran və İsrail münasibətləri post-müharibə dövrünü xatırladır. Hər kəsə məlum olduğu kimi, müharibədən sonra hər iki ölkə öz yaralarını sağaltmaqla məşğuldur. Hətta sülh müqaviləsi bağlansa belə bu, praktik olaraq mümkün görünmür. Sadəcə iki ölkə arasında atəşkəs rejimi mövcud ola bilər. Lakin bu şəraitdə belə, hər iki dövlət qarşılıqlı nifrətlərini bir-birinə ifadə etməkdə davam edəcək”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.
Onun sözlərinə görə, İsrail İranın atom silahına malikolma ehtimalını öz mövcudluğu üçün təhlükə hesab edir: “İran isə dəfələrlə bəyan edib ki, İsraili yer üzündən siləcək. Bu səbəbdən İsrail buna imkan vermir. Eyni zamanda, ABŞ-nin bu məsələdə vasitəçilik rolu özünü göstərir. Bununla belə, ABŞ Prezidenti Donald Trampın mövqeyini əvvəlcədən proqnozlaşdırmaq çətindir. Çünki o, bəzən bir həftə, hətta bir gün ərzində belə fikrini dəyişə bilir. Başqa sözlə desək, Donald Tramp özünü qeyri-ciddi aparır.
Fikrimcə, bu münasibətlər xoş olmayan formada inkişaf edəcək, hətta atəşkəs pozulub yenidən döyüşlər başlaya bilər. Çünki İranın təsir dairəsində olan qüvvələrin – istər Yəməndə, istər Livanda, istərsə də digər bölgələrdə – sakit qalmaq kimi bir niyyətləri yoxdur. Onlar İsrail dövlətinə düşmən kimi yanaşırlar. Eyni zamanda İsrail hesab edir ki, İranın nüvə proqramından imtina etməsi mümkün deyil”.
Deputat qeyd edib ki, İran və İsrail arasında uzunmüddətli danışıqlar aparılacaq: “Bu danışıqların nəticəsi həm də ABŞ və İran arasındakı münasibətlərdən asılı olacaq. Amerika hər zaman İsrailin yanında olmuşdur və onunla əməkdaşlıqdan imtina etməsi ehtimal olunmur. Əksinə, ABŞ İrana qarşı təzyiqlərini davam etdirəcək.
İran və İsrail arasında baş verən müharibə region ölkələrinə, o cümlədən Azərbaycana da ciddi təsir göstərir. Azərbaycan çalışır ki, İranla həm qonşuluq, həm də əməkdaşlıq münasibətlərini qoruyub saxlasın. Buna görə də bu məsələ ölkəmiz üçün çətinlik yaradır. İran İsrailə hücum etdiyi zaman Azərbaycan narahatlığını ifadə etmişdi və bu narahatlıq gələcəkdə də davam edəcək. Azərbaycan səmimi şəkildə İran və İsrail arasında münasibətlərin yaxşılaşmasını arzulayır. Bununla yanaşı, Ermənistan da bu vəziyyətdən müəyyən dərəcədə faydalanmaq istəyir. Ermənistan çalışır ki, İranı Azərbaycanın əleyhinə yönəltsin. Belə ki, o, guya İsrailə məxsus dronların Azərbaycan ərazisindən qalxdığını iddia edir. Bu kimi hallar isə Qafqaz bölgəsinə olduqca böyük təsir göstərir”- deyə o əlavə edib.