Parlamentlərarası Forumun iştirakçıları Xivə şəhərində tarixi-mədəni abidələrlə tanış olublar
Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumunun iştirakçıları Özbəkistanın Xivə şəhərində yerləşən tarixi-mədəni abidələrlə tanış olublar. SİA xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, parlamentin sədri Sahibə Qafarova, Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva və nümayəndə heyətlərinin üzvləri əvvəlcə Arda Xivə kompleksinə gəliblər. Burada qonaqlara məlumat verilib ki, 25 hektar ərazidə tikilmiş kompleks yaşıllıqların salındığı Govuk gölünün sahilində yerləşir.
Qonaqlar, həmçinin “Nurullaboy” saray kompleksi ilə də tanış olublar. Bildirilib ki, Xivə xanı II Məhəmməd-Rəhimbayanın əmri ilə 1906-1912-ci illərdə tikilmiş kompleks dörd hissədən ibarətdir, buraya ümumilikdə 100-dən çox zal və otaq, o cümlədən mərasim və məhkəmə zalları, yaşayış binaları və mədrəsə daxildir. Saray kompleksindəki bütün tikililər uzunluğu 650 metrdən çox olan güclü istehkamla əhatə edilib.
Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumunun iştirakçıları sonra Xivə şəhərində İçan-Qala Dövlət Tarixi Memarlıq Muzeyi ilə tanış olublar. Burada qonaqlara bildirilib ki, İçan-Qala Dövlət Tarixi Memarlıq Muzeyi 1920-ci ildə yaradılıb. 1969-cu ildə tarixi İçan-Qala şəhəri muzey-qoruq elan edilib. Muzeyin fondunun əsasını xan dəftərxanasının sənədləri və sarayın müxtəlif əşyaları təşkil edir. Qeyd olunub ki, ümumi sahəsi 26 hektar olan muzeydəki ekspozisiyalar Özbəkistanın qədim tarixini və müasir dövrünü əlaqələndirir. Burada Xivə xanlığının, qədim Xarəzmin tarixinə, etnoqrafiyasına, sənət nümunələrinə dair müxtəlif kolleksiyalar ilə bağlı 14 stasionar muzey və ekspozisiyalar var.