Rusiyada şovinist təfəkkür dövlət gücünə çevrilib
Rusiyada “rus şovinizmi” anlayışı artıq təkcə ictimai mövcudluqdan ibarət deyil, həm də bəzi hallarda dövlət siyasətinin ritorikasına çevrilib. Şovinist ideologiyanın bəzi incəsənət və ədəbiyyat xadimləri ilə yanaşı, siyasi elita nümayəndələri tərəfindən açıq şəkildə müdafiə olunması, imperiya təfəkkürünün hələ də Kreml siyasətinə istiqamət verməsi ciddi narahatlıq doğurur.
SİA-nın məlumatına görə, bu fikirləri “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyinin sədri Şəbnəm Səfərova bildirib.
Onun sözlərinə görə, Rusiya artıq imperiya xislətini gizlətmir. Xalqların rifah yoluna çıxması, öz talelərini müəyyən etməsi, beynəlxalq aləmdə söz sahibi olması Moskvanı narahat edir. Bu narahatlıq o qədər dərinləşib ki, artıq günün günorta çağı günahsız insanlara qarşı açıq zorakılığa, təhqirə, alçaldıcı davranışa, hətta qətl hadisələrinə qədər yol verilir. Bu, təkcə qonşu xalqlar üçün deyil, Rusiya cəmiyyəti üçün də təhlükəli meyildir.
Ş.Səfərova qeyd edib ki, Azərbaycan xalqı bu şovinist davranışların acı nəticələri ilə ilk dəfə qarşılaşmır. Bu, təkcə Azərbaycan xalqı üçün deyil, başqa xalqlar üçün də təhlükəlidir: “20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağ münaqişəsi – bütün bu hadisələrdə imperiya siyasətinin izləri açıq görünür. SSRİ dağıldıqdan sonra Rusiyada islamofobiya və etnik ayrı-seçkilik ideologiyası daha da güclənib. Bu, ardıcıl və məqsədli yürüdülən siyasi xəttdir. Əgər əvvəllər bu nifrət qrupları — “Slavyan İttifaqı”, “Format 18”, “Cossack dəstələri” qeyri-rəsmi hücumlar həyata keçirirdisə, bu gün dövlətin rəsmi güc strukturları bu vəzifəni tam şəkildə öz üzərinə götürüb. Yekaterinburqda azərbaycanlılara qarşı baş verən amansız hücum, işgəncə və ölüm faktı göstərir ki, 30 il əvvəlki ssenari bu gün daha sistemli şəkildə həyata keçirilir. Bu hadisə humanizmdən danışan bir dövlətin insanlığa qarşı cinayət törətməsinin növbəti nümunəsidir. Təəssüf ki, Rusiya indi yalnız qonşular üçün deyil, öz xalqı üçün də təhlükəli gücə çevrilib”.
O bildirib ki, Azərbaycanın Qarabağda qazandığı Zəfər, suverenliyini tam bərpa etməsi və müstəqil mövqeyi imperiya xislətli dairələr üçün həzmolunmazdır və ölkəmizə qarşı təxribatların mərkəzində də bu dayanır.
“AZAL-ın təyyarəsinin vurulması, azərbaycanlı deputatın sərhəddə saxlanılması, kiberhücumlar, hibrid təzyiqlər ölkəmizin səbir və iradəsini sınağa çəkmək cəhdidir. Lakin günahsız soydaşlarımızın qətlə yetirilməsi artıq səbir kasasını daşıran son damla oldu. Bu gün Azərbaycanda xalq-dövlət birliyi heç bir təhdid və şantaj qarşısında sarsılmayacaq qədər möhkəmdir. Azərbaycan artıq hədə-qorxu dili ilə danışılacaq ölkə deyil və hər bir dövlət bunu nəzərə almalıdır”, – deyə o əlavə edib.