Türkiyədə meşə yanğınları davam edir
Havanın temperaturunun yüksəlməsi ilə əlaqədar Türkiyənin bir sıra bölgələrində meşə yanğınları baş verib. Son 5 gün ərzində ölkə üzrə 342 meşə yanğını qeydə alınıb ki, onlardan 6-sı hələ də davam edir. SİA xəbər verir ki, yanğınlarla bağlı Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı açıqlama verib.
O, ölkənin müxtəlif bölgələrində baş verən yanğınlarına havadan və qurudan müdaxilə edildiyini bildirib. Yanğınların Manisa, İzmir və Hatayda davam etdiyini deyib.
Qeyd edilib ki, İzmirin Seferihisar və Menderes bölgələrindəki yanğınlarda hazırkı vəziyyət dünənə nisbətən yaxşıdır. İzmir və Manisada gecə boyu aparılan intensiv müdaxilələrlə alovun təsirini azaltmaq mümkün olub. Hatayın Antakya bölgəsində isə güclü külək alovun söndürməsinə mane olur. Adanadakı yanğın nəzarət altına alınıb.
Səhiyyə naziri Kemal Memişoğlu isə ölkənin müxtəlif bölgələrində baş verən meşə yanğınlarında zərər çəkən vətəndaşlardan 46-nın müalicəsinin xəstəxanalarda davam etdiyini diqqətə çatdırıb. Onlardan birinin vəziyyətinin ağır olduğunu bildirib.