“Düşünürəm ki, indiyə qədər olan bir çox xoşagəlməz hadisələrin sayı azalacaq”
Qohum evliliyinin qadağan edilməsindən sonra düşünürəm ki, indiyə qədər olan bir çox xoşagəlməz hadisələrin sayı azalacaq. İlk növbədə məqsəd də bundan ibarətdir. İnsanların bunu necə qarşılaması və əməl etməsi də vacibdir. Burada hər bir fərdin, hər bir ailənin, bu işə cavabdeh qurumların əlaqəli fəaliyyəti, o cümlədən medianın dəstəyi, ictimai rəyi formalaşdıran insanların və qurumların prosesdə ardıcıl iştirakı və töhfəsi olduqca əhəmiyyətlidir. SİA xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə müsahibəsində deyib.
“Bundan sonra baş verən hər hansı bir qanunazidd hərəkət mütləq şəkildə məsuliyyət doğuracaq. Əgər bundan əvvəl maarifləndirmə ilə məşğul olurduqsa, artıq qanunun müəyyən etdiyi normanı nəzərə almayanlar mütləq şəkildə cəzalandırılacaq və məsuliyyətə cəlb olunacaqlar. İnanmaq istərdim ki, insanlar öz həyatlarını qurarkən, gələcəklərini müəyyənləşdirərkən cinayət törətmək və məsuliyyətə cəlb olunmaq istəməzlər”, – deyə B.Muradova qeyd edib.