Sosial

“Seriallar gənclərə zərərli həyat tərzlərini cəlbedici göstərə bilər”


“Son illərdə yerli və xarici serialların artan populyarlığı gənclərin düşüncə tərzinə, davranış modellərinə və dəyərlər sisteminə əhəmiyyətli dərəcədə təsir göstərir. Bu təsiri həm müsbət, həm də mənfi yönlərdən qiymətləndirmək mümkündür”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, xarici seriallar vasitəsilə gənclər müxtəlif mədəniyyətlər, həyat tərzləri və sosial münasibət formaları ilə tanış olur. Bu, onların dünyagörüşünü genişləndirir, tolerantlıq, fərqliliyə hörmət kimi dəyərlərin formalaşmasına kömək edir. Eyni zamanda, xarici dillərə marağın artması və qlobal məsələlərə daha açıq baxış bucağının yaranması da bu təsirin müsbət tərəflərindəndir: “Digər tərəfdən, bəzi seriallar gənclərə real həyatla uyğun gəlməyən həyat tərzlərini, zorakılığı, aqressiyanı və qeyri-sağlam münasibətləri “normal” və ya “cəlbedici” kimi təqdim edə bilər. Bu da onların psixoloji inkişafına, ailə və cəmiyyət münasibətlərinə yanlış təsəvvürlərlə yanaşmalarına səbəb ola bilər. Həmçinin, bəzi seriallarda nümayiş etdirilən materialist dəyərlər və sosial statusa həddindən artıq önəm verilməsi gənclər arasında özünüqiymətləndirmə problemlərinə yol aça bilər. Yerli seriallara gəldikdə isə onlar milli kimliyin formalaşmasında, adət-ənənələrimizin tanıdılmasında mühüm rol oynayır. Amma bu sahədə də keyfiyyət və məzmun baxımından zəif, stereotipləri təbliğ edən və ya reallığı təhrif edən layihələrin olması gənclərdə qarışıq və yanlış yanaşmalar formalaşdıra bilər.

Psixoloq olaraq tövsiyəm budur ki, gənclərin izlədiyi serialların məzmununa diqqət yetirilsin. Valideynlər və müəllimlər onlarla bu mövzularda açıq dialoq qursun, izlənilən məzmunların real həyatdan fərqləndiyi izah edilsin. Gənclərin tənqidi düşünmə bacarığının inkişaf etdirilməsi bu təsirləri balanslaşdırmağa və sağlam şəxsiyyət formalaşmasına kömək edə bilər”.