Sosial

“Sosial media həyatın bir parçası olsa da,…”


“Sosial media həyatımızın ayrılmaz bir hissəsinə çevrilib və xüsusilə gənc nəsil bu platformalardan çox fəal istifadə edir. Lakin bu aktivlik bəzən real sosial münasibətlərin zəifləməsinə səbəb olur və bu məsələ cəmiyyət üçün narahatlıq doğuran tendensiyalardan biridir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, sosial medianın gənclər üzərində həm müsbət, həm də mənfi təsirləri mövcuddur. Müsbət tərəfdən baxdıqda, bu platformalar gənclərə öz fikirlərini ifadə etmək, müxtəlif maraq dairələrinə uyğun qruplara qoşulmaq və dünyanın fərqli yerlərindən olan insanlarla ünsiyyət qurmaq imkanı yaradır: “Bəzi hallarda bu, gənclərin dünyagörüşünün formalaşmasına, yaradıcı qabiliyyətlərinin inkişafına və özlərini ifadə etmək bacarıqlarının güclənməsinə səbəb ola bilər. Lakin digər tərəfdən, sosial mediaya həddindən artıq bağlılıq real həyatdakı sosial bacarıqların zəifləməsinə gətirib çıxarır. Gənclər üz-üzə ünsiyyətdən uzaqlaşır, münasibət qurmaqda və davam etdirməkdə çətinlik çəkirlər. Bundan əlavə, sosial mediada yayılan “mükəmməl həyat” obrazları ilə öz həyatlarını müqayisə edən gənclərdə depressiya, özgüvən çatışmazlığı və sosial təcrid halları artmaqdadır”.

Psixoloq fikrlərinə davam edərək qeyd edir ki, bu hal davamlı xarakter alarsa, gələcəkdə daha çox emosional baxımdan uzaqlaşmış, empatiya və sosial məsuliyyət hissi zəif olan bir nəsil formalaşa bilər: “Belə bir cəmiyyət isə ailə, dostluq, əməkdaşlıq və qarşılıqlı hörmət kimi dəyərlər baxımından ciddi çətinliklərlə üzləşə bilər. Buna görə də həm ailələrin, həm müəllimlərin, həm də ümumilikdə cəmiyyətin üzərinə böyük məsuliyyət düşür. Gənclərə sosial medianın düzgün istifadəsi öyrədilməli, onlara real həyatda sosial bacarıqları inkişaf etdirmək üçün mühit yaradılmalıdır. Sosial media həyatın bir parçası olsa da, onun bütün həyatı əvəz etməsinə imkan verilməməlidir”.