Sosial

Bu gün Beynəlxalq Polietilen Paketdən İmtina Günüdür


Hər il iyulun 3-ü dünyanın bir çox ölkəsində Beynəlxalq Polietilen Paketdən İmtina Günü kimi qeyd olunur. SİA xəbər verir ki, günün məqsədi plastik torbaların ətraf mühitə və insan sağlamlığına verdiyi zərərlərə diqqət yönəltmək və həmin zərərləri azaltmaq üçün daha davamlı alternativlərə keçidi təşviq etməkdir.

Plastik torbalar planetimiz üçün böyük problem olaraq qalır. Hər il təxminən 100 min dəniz canlısı bu səbəbdən məhv olur. Polietilen paketlər qida zəncirinə daxil olduqda insan sağlamlığına da zərər verə bilər.

Plastik torbaların istifadəsini azaltmaq və daha dayanıqlı alternativlərə keçmək ətraf mühiti qorumaq və insan sağlamlığını təmin etmək üçün vacibdir.

Ətraf mühitə zərərli olmaqla yanaşı, plastik torbalar nadir hallarda təkrar emala yararlıdır.

Birdəfəlik plastik torbalar bəzi ölkələrdə tamamilə qadağan edilib, digər yerlərdə də polietilen torbaların müəyyən növlərinin istifadəsinə qadağa qoyulub və ya xüsusi qaydalar tətbiq edilib.

Təxminən 127 ölkə plastik torbaların istifadəsini qaydalarla tənzimləyir. Həmin qaydalara plastik torbaların mərhələli şəkildə ləğvi və təkrar istifadə edilə bilən çantalar üçün təşviqlər də daxildir.

Azərbaycanda da qalınlığı 15 mikrona kimi olan polietilen torbaların istehsalı və istehlakı qadağandır. Eyni zamanda, daşıma vasitəsi kimi kassalarda verilən polietilen torbalar ödənişlidir.