Sosial

“Bu cür təşəbbüslər sadəcə şou xarakteri daşıyır”


“Plastikdən imtina real nəticə verə bilər, lakin bu, tədbirin miqyasından və ona yanaşmanın ciddiliyindən asılıdır”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq, Jurnalistlər Birliyinin sədri Cəmşid Bəxtiyar deyib.

O bildirib ki, bu məsələnin həm müsbət, həm də tənqid olunan mənfi tərəfləri mövcuddur: “Plastik tullantıların azaldılması, xüsusilə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik məhsulların – məsələn, torbalar, butulkalar, qab-qacaq və digər əşyaların istifadəsinin məhdudlaşdırılması – ətraf mühitin çirklənməsinin qarşısının alınmasında mühüm rol oynaya bilər. Bu cür plastiklər istifadədən dərhal sonra atıldığından təbiətə ciddi zərər yetirir. Əgər ətraf mühitin çirklənməsinin qarşısını almaq istəyiriksə, bu sahədə qlobal səviyyədə addımlar atılmalı, həm istehsalda, həm də istehlakda dəyişikliklər edilməlidir. Tam imtina mümkün deyilsə belə, bu məhsulların istehsal və istifadəsinin azaldılması mütləq faydalı olacaq. Xüsusilə çayların, dənizlərin və okeanların qorunması baxımından plastiklərin miqdarının azaldılması mühüm əhəmiyyət daşıyır.

Plastik tullantıların azaldılması eyni zamanda dəniz canlılarının həyatını qorumaqla, insan sağlamlığına da dolayı şəkildə müsbət təsir göstərər. Bundan əlavə, plastiklərdən istifadənin azaldılması enerji və təbii resurslara – xüsusilə də neftə və neft məhsullarına qənaət baxımından da əhəmiyyətlidir. Bununla yanaşı, bu proses insanların ekoloji düşüncəsinin və şüurunun artmasına da xidmət edər. İnsanlar plastikdən imtina etdikcə ətraf mühitə münasibətləri dəyişir və bu dəyişiklik onların həyat tərzinə də təsir edir. Bu istiqamətdə aparılan maarifləndirmə və tətbiq olunan tədbirlər insanlarda müsbət psixoloji dönüş yarada bilər – nəticədə kompostlama, təkrar istifadə, alış-veriş vərdişlərinin dəyişməsi kimi faydalı davranışlar formalaşır. Lakin bu məsələnin tənqidi tərəfləri də var. Bəzən bu cür təşəbbüslər sadəcə şou xarakteri daşıyır. Məsələn, hər hansı bir tədbirdə plastik stəkanın əvəzinə kağız stəkanın verilməsi sistemli dəyişiklik anlamına gəlmir. Bu cür simvolik addımlar cəmiyyət tərəfindən səmimiyyətsiz şou cəhdləri kimi qarşılanır və nəticədə ətraf mühitlə bağlı təşəbbüslərə güvən azalır. Əgər böyük sənaye müəssisələri hələ də böyük miqyasda plastik istehsalını davam etdirirsə, fərdi səylər təbii ki, simvolik və effektsiz görünür. Bu da cəmiyyətdə belə təşəbbüslərə qarşı “etinasızlıq effekti” yaradır.

Digər tərəfdən, plastiklərin alternativ materiallarla əvəz olunması da bəzən düşündüyümüz qədər faydalı olmur. Məsələn, kağız stəkanlar və torbalar təklif olunur, lakin onların da istehsalı ətraf mühitə az ziyan vurmur. Kağız ağacdan hazırlanır və ağacların kəsilməsi təbiətə böyük zərər vurur. Bununla yanaşı, kağız istehsalı zamanı xeyli su sərf olunur, çirkab sular ətraf mühitə buraxılır. Yəni kağız sənayesi də ekologiya baxımından təmiz bir sahə deyil. Bu səbəbdən, plastik torbaların kağızla əvəz olunması təklifi də hər zaman effektiv və düzgün seçim deyil. Təəssüf ki, bəzi şirkətlər “plastiksiz kampaniya” adı altında öz imiclərini yaxşılaşdırmaq məqsədi güdürlər, lakin real addımlar atmırlar. Məsələn, ölkəmizdə yaxın vaxtlarda plastik torbaların istifadəsində müəyyən dəyişiklik edilib – əvvəl pulsuz verilən torbalar indi ödənişli şəkildə təqdim olunur. Lakin bu tədbirin ciddi effekti hiss olunmadı. Əksinə, ticarət obyektləri bu torbaları əlavə gəlir mənbəyinə çevirdilər. Nəticədə plastik torbaların istifadəsi azalmadı, sadəcə kommersiya məqsədinə yönəldi. Bütün bunları nəzərə alaraq demək olar ki, plastikdən imtina yalnız fərdi səylərlə deyil, sistemli və davamlı dövlət siyasəti, qlobal təşəbbüslər və effektiv alternativlərin tətbiqi ilə həyata keçirildikdə real nəticə verə bilər. Əks halda, bu cür təşəbbüslər sadəcə görüntü və kampaniya xarakterli olaraq qalacaq.

Müəllif: Günel Rəşadqızı