İnsanlar nəyə görə həkimə getməkdənsə, internetdən özünə diaqnoz qoyur?
Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı insanların sağlamlıqla bağlı davranışlarını da köklü şəkildə dəyişib. Xüsusilə internetin əlçatan və sərhədsiz məlumat mənbəyinə çevrilməsi nəticəsində bir çox insan sağlamlıq problemləri ilə üzləşdikdə ilk olaraq həkimə yox, axtarış sistemlərinə müraciət edir. Bəzi hallarda bu, vaxt və maddi resurslara qənaət kimi dəyərləndirilsə də, çox zaman yanlış və ya qeyri-dəqiq diaqnozlara, hətta ciddi sağlamlıq risklərinə gətirib çıxara bilir. Bəs insanlar nəyə görə peşəkar tibbi yardımı gözardı edərək, internetdə özünə diaqnoz qoymağa üstünlük verirlər? SİA mövzu ilə bağlı sosioloq Elçin Bayramlı və sosioloq Üzeyir Şəfiyevin fikirlərini öyrənib.
Bu gün səhiyyə sistemi – həm qlobal miqyasda, həm də yerli səviyyədə – ciddi şəkildə tənqid olunur deyən sosioloq bunun əsas səbəbini qeyd edir: “Səhiyyə və tibbi xidmətlər artıq sağlamlıq mərkəzli deyil, kommersiya maraqları üzərində qurulmuş bir sistem halını almışdır. Dünya üzrə səhiyyə strukturları, xüsusilə də kapitalizmin təsiri ilə formalaşmış dərman sənayesi və özəl tibb qurumları, insanların sağlamlığından çox gəlir məqsədilə fəaliyyət göstərirlər”.
Elçin Bayramlı artıq həkimlər bir çox hallarda pasiyentlərə xəstə kimi deyil, müştəri kimi yanaşır deyə qeyd edib: “Məqsəd xəstəni sağaltmaq deyil, onu uzun müddətli bir “dərman istifadəçisinə” çevirmək olur. Xəstənin problemi kökündən həll olunmur, əksinə, davamlı olaraq dərmanlara bağlı qalması üçün sistemli şəkildə yönləndirilir. Dərman sənayesi daimi müştəri sistemi üzərində işləyir – yəni nə tam sağalsın, nə də ölsün; daim xəstə qalsın və dərmanlardan asılı vəziyyətdə yaşasın. Bu isə həm insani, həm də etik baxımdan ciddi narahatlıq doğurur. Belə bir şəraitdə insanlar alternativ çıxış yolları axtarmağa başlayırlar. Bəziləri xalq təbabəti vasitələrinə müraciət edir, digərləri internet üzərindən sağlamlıqla bağlı elmi və praktik məlumatlar toplayaraq özlərinə uyğun müalicə metodları seçirlər. Doğrudur, internetdə qeyri-etik və yalnış məlumatlar da var, lakin eyni zamanda çoxlu sayda faydalı, elmi əsaslı resurslar da mövcuddur. İnsanlar bu resurslardan istifadə edərək öz sağlamlıqlarını daha təbii yollarla qorumağa çalışırlar. Hətta bir çox insan təcrübəsini paylaşaraq digərlərinə də kömək edir və bu real təcrübələr cəmiyyətdə alternativ müalicə yollarına marağı daha da artırır. Əvvəllər isə bu cür deyildi. Məsələn, Sovet dövründə səhiyyə sistemi tamamilə dövlət nəzarətində idi. Dərman təminatı, həkimlər, müalicə üsulları – hamısı dövlət tərəfindən təşkil olunurdu və burada əsas məqsəd insanların sağalması idi. Pasiyentlərə müştəri kimi yanaşılmırdı, sadə, təbii vasitələrlə və səmərəli yollarla sağlamlığın bərpasına çalışılırdı. Kapitalist sistemdə isə səhiyyə artıq bir bazar sektorudur. Özəl klinikalar, özəl dərman şirkətləri yalnız mənfəət əldə etməyə yönəlmiş fəaliyyət göstərirlər. Bu, cəmiyyətdə etimadsızlıq yaradır və insanları alternativ müalicə yollarına sövq edir. Bütün bunlara görə də səhiyyə sistemi, təhsil sistemi kimi, sosial-strateji sahə hesab edilməli və tam şəkildə dövlətin nəzarətində olmalıdır. Özəl klinikalar və dərman şirkətləri ləğv edilməli, bu sahə 100% dövlətləşdirilməlidir. Həkimlərin maaşları yüksək olmalı, sosial təminatları gücləndirilməlidir ki, onlar kommersiya maraqlarına yönəlməsinlər. Eyni zamanda səhiyyə sahəsində ictimai nəzarət gücləndirilməli, şəffaflıq təmin olunmalıdır. Çünki sağlam bir cəmiyyətin əsası sağlam səhiyyə sistemidir. Təhsil və səhiyyə kommersiya sahəsi olmamalıdır. Bu sahələrdə mənfəət əsas məqsəd olanda, insan sağlamlığı və rifahı arxa plana keçir və bu da cəmiyyətin mənəvi və fiziki çöküşünə səbəb ola bilər”.
Sosioloq Üzeyir Şəfiyev açıqlamasında internet resurslarının bir çox insan üçün faydalı və əlçatan mənbəyə çevrildiyini vurğulayıb: “Xüsusilə də səhiyyə və sağlamlıqla bağlı məsələlərdə internet üzərindən geniş məlumat almaq mümkündür. İnsanlar internetdə müxtəlif xəstəliklər, onların simptomları, müalicə üsulları və profilaktik tədbirlər haqqında kifayət qədər informasiya tapa bilirlər. Bunun əsas səbəblərindən biri də maddi çətinliklərdir. Bəzi insanlar həkimə müraciət edə bilmir, çünki ödənişli tibbi xidmətlər onların büdcəsinə uyğun deyil. Bu səbəbdən də insanlar ilkin mərhələdə öz diaqnozlarını müəyyənləşdirmək və vəziyyəti dəyərləndirmək üçün internet resurslarına müraciət edirlər. Lakin qeyd etmək lazımdır ki, bu, hər zaman düzgün yanaşma olmaya bilər.
Xəstəliyin dəqiq diaqnostikası yalnız peşəkar həkim tərəfindən və birbaşa kontaktla aparıla bilər. Yəni, həkimlə canlı ünsiyyət, fiziki müayinə, laborator analizlər və digər tibbi prosedurlar düzgün diaqnozun əsasını təşkil edir. İnternetdəki məlumatlar yalnız ilkin məlumat xarakteri daşıyır və öz-özünə diaqnoz qoymaq ciddi səhvlərə səbəb ola bilər. Bununla belə, internetin müsbət tərəfləri də inkar edilə bilməz. Bu platformalarda müxtəlif sahə üzrə peşəkar mütəxəssislərin tövsiyələri, məsləhətləri, hətta bəzi hallarda tibbi izahlar və maarifləndirici məlumatlar təqdim olunur. Sosial media və müxtəlif internet forumları, səhiyyə saytları geniş auditoriyaya malikdir. Məlumatların sürətli və asan yayılması, sərfəlilik və populyarlıq bu platformaları cəmiyyət üçün daha əlçatan edir. Nəticə etibarilə, internet resursları faydalı bir informasiya mənbəyi olsa da, xüsusilə diaqnoz və müalicə məsələlərində həkimə müraciət hər zaman üstün tutulmalıdır. İnternet məlumatları düzgün yönləndirici ola bilər, lakin həkimlə birbaşa təmas və peşəkar qiymətləndirmə hələ də əvəzolunmazdır”.
Müəllif: Günel Rəşadqızı