“İran və İsrail hər an yenidən toqquşa bilər”
“İran-İsrail arasında iyun ayının 13-ü səhər saatlarında başlayan o proses 12 gün sonra bitdi. Bunun bitməsində əsas səbəblər vardır. Tərəflər kifayət qədər bir-birlərinə havadan hücumlar etdilər və bir-birlərinin ərazilərini uzaqdan vurdular. İsrailin silahının tükənməsi kimi ciddi məlumatlar yayıldı. İran da təbii ki, kifayət qədər bu məsələdə zərərə məruz qaldı. ABŞ-ın müdaxiləsindən sonra bu atəşkəsin əldə edilməsinə nail olundu”. Bu sözləri SİA-ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib.
Onun sözlərinə görə, amma bu heç də birdəfəlik atəşkəs və yaxud sülh demək deyil tərəflər arasında. Çünki biz ondan sonra da gördük ki, hər iki tərəf bir-birini ittiham edərək özlərini qalib elan etdilər. Yəni bu müharibədə hər iki tərəf özünü qalib elan edirsə, qarşı tərəfi məğlub elan edirsə, bu atəşkəs demək deyil. Biz bilirik ki, atəşkəsin özü müharibənin bir tərkib hissəsidir və tərəflər arasında sülhün əldə edilməsi ehtimalı da real görünmür: “1979-cu ildən İranda hazırkı rejimin hakimiyyətə gəlməsindən sonra İranla İsrail arasında faktiki olaraq bütün məsələlərdə baxışlar toqquşur, ziddiyyətli mövqelər var və bu, zaman-zaman onların arasında qarşıdurmalar yaradıb. Düzdür, bu şəkildə heç vaxt bir-birilərini hədəfə almamışdılar. Hər halda bunun da şahidi olduq, amma atəşkəsdən sonra da belə qarşılıqlı ittihamlar dayanmadı.
Düşünürəm ki, bu məsələdə İsrailin yenidən silahlanması və İranın da öz zəif nöqtələrini aradan qaldırması ilə bağlı zamana ehtiyacları var. Hər iki tərəf bu müddətdə həm qarşı tərəfin, həm də özlərinin zəif və güclü nöqtələrini təhlil edib, istənilən vaxt bu prosesi yenidən başlada bilərlər. Ümumiyyətlə, bu prosesin tam şəkildə bitməsi üçün tərəflərdən birinin mövcud olmaması, rejim dəyişikliyi və münasibətlərin fərqli formada qurulması ehtiyacı var. Bu, hələ də həm region, həm qonşu dövlətlər, həm də dünya üçün təhdiddir. Yaxın Şərq mövzusu ötən əsrdən bu günə qədər prioritet məsələdir və dünya güclərinin mövqelərinə təsir edən regiondur.
İsrailin və ABŞ-ın bu prosesdə tam şəkildə iştirak edə bilməməsinin də səbəbləri var. Çünki ABŞ-da Donald Trump administrasiyasının bir sıra ciddi problemləri var: ərazi iddiaları, Avropa İttifaqı ilə fikir ayrılıqları, Rusiya-Ukrayna münaqişəsinin həll olunmaması, Çinlə iqtisadi müharibə və s. Bu səbəbdən ABŞ İran-İsrail məsələsində tam fokuslana bilmir və bu mövzu ertələnə bilər. Amma bu mövzu hələ də gündəmdədir. Yenidən alovlanması və müharibəyə gətirib çıxarılması üçüncü dünya müharibəsi anlamına gələcək və ondan sonra həm regionda, həm də dünyada yeni nizam formalaşacaq. Bu baxımdan bu problem, bu təhlükə, bu təhdid hələ də qalır”.