ECO-nun 17-ci Zirvə görüşü: Xankəndidən dünyaya sülh mesajı
İşğaldan azad edilən ərazilərdə nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi, dost, qardaş ölkələrin hökumət və dövlət başçılarının iştirakı ilə baş tutan görüşlər Azərbaycanın dünyada mənəvi-humanitar mərkəzlərdən biri olduğunu təsdiqləyir.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirildi. Bununla yanaşı, Zirvə görüşü çərçivəsində Ağdamda Gənclər, Şuşada Biznes, Laçında Qadın forumları təşkil edildi.
“ECO-nun əsası 1985-ci ildə Türkiyə, İran və Pakistan tərəfindən qoyulub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra – 1992-ci ildə təşkilata üzv olub. Hazırda mənzil-qərargahı Tehranda yerləşən ECO-nun 10 üzvü var – Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan və İran. ECO-ə üzvü ölkələrdə, ümumilikdə, 550 milyon əhali yaşayır. Bu o deməkdir ki, təşkilat həm coğrafiya, həm də istehlakçı baxımından kifayət qədər ciddi potensiala malikdir.
Böyük siyasətçi Heydər Əliyev də zamanında ECO-nun fəaliyyətinə xüsusi önəm verirdi. Belə ki, o, 2002-ci ildə ECO-ya üzv ölkələrin İstanbulda keçirilmiş dövlət və hökumət başçılarının 7-ci Zirvə görüşündə təşkilatın daha səmərəli fəaliyyətinin təmin olunması məqsədilə Bakıda qurumun Tədqiqat Mərkəzinin yaradılması təklifini irəli sürmüşdür. 2006-cı ildə ECO-nun ölkəmizdə keçirilən 9-cu Zirvə görüşündə Tədqiqat Mərkəzinin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən yenidən irəli sürüldü və 2021-ci ilin martında təşkilatın Türkiyənin sədrliyi ilə videokonfrans vasitəsilə keçirilmiş 14-cü görüşündə Mərkəzin nizamnaməsi imzalandı”, – deyə deputat xatırladıb.
Onun sözlərinə görə, üzv dövlətlərin dövlət və hökumət başçılarının, beynəlxalq və regional təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən bu mötəbər tədbir regionun gələcək inkişafında və çoxtərəfli əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində əlamətdar hadisədir. Zirvə görüşünün ərazi bütövlüyü tam bərpa olunmuş Azərbaycanın Xankəndi şəhərində keçirilməsi həm siyasi, həm də mənəvi baxımdan mühüm əhəmiyyət daşıyır. Bu, regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təntənəsi kimi qiymətləndirilməlidir.
“Azərbaycan Prezidenti Zirvə görüşünün açılış mərasimində çıxış edərək bildirdi ki, Azərbaycan artıq üçüncü dəfədir ECO-nun Zirvə görüşünə ev sahibliyi edir. Əvvəlki iki Zirvə görüşü 2006-cı və 2012-ci illərdə paytaxt Bakıda keçirilmişdir. Bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilib. Builki Zirvə görüşünün əsas mövzusu dayanıqlı iqtisadi inkişaf və iqlimə uyğun regional əməkdaşlığın qurulmasıdır. Təsadüfi deyil ki, bu mövzu Qarabağ reallıqları ilə üst-üstə düşür. Azərbaycanın regionda apardığı bərpa-quruculuq işləri, yaşıl enerji zonası yaratmaq planları, “ağıllı şəhər” layihələri və yaşıl diplomatiya təşəbbüsləri həm bu zirvənin mahiyyətinə, həm də bölgənin yeni strategiyasına uyğundur.
Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf yolunda qətiyyətlə addımlayır, tərəqqi bütün sahələri əhatə edir. Dünyanın ən böyük və ən mühüm tədbirlərindən olan COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin daha bir əlamətdar qələbəsidir. Bu, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi və Təhlükəsizlik Şurasına üzv olmasından sonra Azərbaycan dövlətinin xarici siyasətinin ən böyük uğurudur. Heç şübhəsiz, müstəqil siyasət, güclü maliyyə imkanları və sürətli iqtisadi inkişaf bundan sonra da Azərbaycana yeni tarixi nailiyyətlər qazandıraraq, öz qüdrətini daha da artırmaq imkanı verir”, – deyə S.Novruzov diqqətə çatdırıb.
Deputat bildirib ki, Xankəndidə keçirilən Zirvə görüşü həm də dünyanın diqqətini Qarabağda gedən müsbət dəyişikliklərə yönəltdi. Qarabağ artıq münaqişə deyil, sülh, sabitlik və iqtisadi dirçəliş məkanıdır. Xüsusilə, Qarabağda nəqliyyat infrastrukturunun bərpası və Zəngəzur dəhlizinin açılması perspektivləri fonunda bu Zirvə görüşü regional bağlantıları daha da gücləndirmək üçün yeni imkanlar yarada bilər. Nəqliyyat dəhlizləri yalnız ticarəti asanlaşdırmayacaq, həm də insanlar arasında əlaqələri möhkəmləndirəcək və regionun ümumi inkişafına töhfə verəcək.
“Sevindirici haldır ki, tarixi şəhərimiz olan Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının 2026-cı il üçün turizm paytaxtı seçilib. Bu barədə qərar 2023-cü il oktyabrın 4-5-də İran İslam Respublikasının Ərdəbil şəhərində ECO-ya üzv dövlətlərin yüksəksəviyyəli turizm ekspertlərinin 7-ci görüşü və turizm nazirlərinin 5-ci iclası çərçivəsində verilib. Tədbirdə üzv dövlətlər arasında turizm sahəsi üzrə mövcud əməkdaşlıq perspektivlərinə dair geniş müzakirə aparılıb, müvafiq sahə üzrə qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi imkanları nəzərdən keçirilib. İclasda səsvermə nəticəsində Şuşa şəhəri İqtisadi Əməkdaşlıq Təşkilatının 2026-cı il üçün turizm paytaxtı seçilib. Sonda ECO-nun bu qərarı Ərdəbil Bəyannaməsində əks olunub. Şuşanın ECO-nun turizm paytaxtı elan edilməsi heç şübhəsiz ki, tarixi şəhərimizin cəlbediciliyini daha da artıracaq. Bu, həm də erməni vandalizmi ilə bağlı təkzibolunmaz faktların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından da çox önəmlidir.
Bütövlükdə, ECO-nun 17-ci Zirvə görüşü bir daha nümayiş etdirir ki, Azərbaycan regionda sabitliyin və davamlı inkişafın təşəbbüskarı olaraq üzv dövlətlər üçün etibarlı tərəfdaşdır. Xankəndidən ünvanlanan sülh və əməkdaşlıq mesajı beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanır, təşkilatın gələcək fəaliyyətinin gücləndirilməsi üçün mühüm zəmin yaradır”, – deyə Milli Məclisin komitə sədri vurğulayıb.