Rusiya aclıq astanasındadır..?
…Ölkədə bütün taxıl məhsullarının demək olar ki, 10 faizini təmin edən Rusiyanın əsas taxılçılıq regionu olan Rostov vilayəti quraqlıq səbəbindən məhsul yığımında artan problemlər yaşayır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, keçən il Rostov fermerləri gözlənilən 16 milyon ton taxıl əvəzinə 11,4 milyon ton məhsul yığıblar. Bu il vəziyyət daha da pisləşib. Region qubernatorunun səlahiyyətlərini icra edən Yuri Slyusar xəbərdarlıq edib ki, taxıl məhsulu daha 20 faiz azala bilər, yəni son on ilin minimuma enə bilər.
Bundan əvvəl o, qonşu Krasnodar diyarının şimalını da əhatə edən quraqlıq səbəbindən regionun 19 rayonunda fövqəladə vəziyyət elan edib.
…Rostov vilayətinin Çertkovski rayonundakı “Luç” MMC-nin aqronomu Maksim Zolotarev “Reuters” agentliyinə deyib ki, “…əvvəllər heç vaxt belə quraqlıq olmayıb. Qışdan bəri rütubət ehtiyatları həmişə daha çox olmuşdur; bu il qış qarsız, payız quraq keçdiyi üçün rütubət çatışmazlığı yaranıb. Yəni, qardan əvvəl qış bitkilərinin tumurcuqlarını aldıq; noyabrda, hətta dekabrda da payızlıq taxılların əkilməsi yox idi.
…Rostov fermerləri Telegram kanallarında günəşin qızdırdığı buğda və günəbaxan sahələrinin fotolarını paylaşaraq vəziyyəti “dalan” kimi qələmə verir və “faciə” adlandırırlar.
Amma maraqlıdır ki, Rusiya Kənd Təsərrüfatı Nazirliyi nikbinlik yaymaqda davam edir: onun proqnozuna görə, bu il ölkədə ümumi taxıl yığımı ötən ilki 5 milyon tondan çox olacaq və 135 milyon ton təşkil edəcək.
Buna baxmayaraq, departament etiraf edir ki, iyulun 2-nə məhsul ötən illə müqayisədə 4,3 dəfə az – 16,5 milyon tona qarşı 3,8 milyon ton olub.
Məhsuldarlıq demək olar ki, dörddə bir azalıb – hektarda 41 sentnerdən 31 sentnerə düşüb.
Cənub Federal Dairəsində yığımlar 5,7 dəfə azalaraq 2 milyon tona, Şimali Qafqazda isə 3 dəfə azalaraq 1,5 milyon tona düşüb.
…IKAR-ın analitikləri yazır ki, Rostov vilayəti üzrə məhsul proqnozu azaldılıb, nəticədə o, buğda biçini üzrə liderliyini bu il hava şəraitinin daha əlverişli olduğu qonşu Stavropolda itirə bilər.
Hakimiyyət orqanlarının bir neçə il əvvəl büdcəni doldurmaq üçün tətbiq etdiyi taxıla ixrac rüsumları onsuz da pis hava şəraitindən əziyyət çəkən fermerlərə başağrısı əlavə edir.
…Bu rüsum çox ağırdır və müəssisələrin rentabelliyinə və gəlirlərinə təsir göstərir. Hər kiloqram taxıl üçün, təxminən, iki-üç min rubl buna gedir.
Bunu isə Çertkovski rayonunun kənd təsərrüfatı üzrə səlahiyyətlisi bildirir.
…Biz maksimum mənfəət əldə etmək və ya heç olmasa, təşkilatı iflasa aparmamaq üçün əkinçilik üçün minimum xərc çəkməyə çalışırıq.
Bunu da əyalət üzrə başqa bir rus səlahiyyətlisi deyir.
Əli Babayev