Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi belə olacaq
Media nümayəndələri Prezident İlham Əliyev iyulun 3-də təməlini qoyduğu Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksin inşa ediləcək yerdə olub. SİA xəbər verir ki, təşkil edilən mediaturda “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə məlumat verib.
O bildirib ki, Bərdə-Ağdam dəmir yolu xəttinin davamı olan Ağdam–Xankəndi dəmir yolu xəttinin uzunluğu 28 kilometr, yan yollarla birlikdə 34,7 kilometrdir.
Qeyd edilib ki, Ağdam–Xankəndi dəmir yolu xətti, o cümlədən 4 körpü, 5 yolötürücü, 3 piyada keçidi, 2 suötürücü boru üzrə layihələndirmə işləri tamamlanıb:
“Bu dəmir yolu xətti boyunca 3 stansiyanın – Əsgəran və Xocalı stansiyalarının, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin, mühəndis qurğularının, körpülərin, yolötürücülərin, avtomobil, piyada və kənd təsərrüfatı təyinatlı keçidlərin və digər zəruri infrastrukturun tikintisi nəzərdə tutulur. Layihənin icra müddəti 2025–2026-cı illəri əhatə edəcək”.
Bəxtiyar Hacıyevın sözlərinə görə, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin sahəsi 6,4 hektar təşkil edəcək:
“Beşmərtəbəli kompleksin ərazisində 2 dəmir yolu platformasının və 12 avtobus dayanacağının inşası nəzərdə tutulub. Kompleksin binası gözləmə zalı, bilet kassaları, tibb məntəqəsi, ana və uşaq otağı, mağazalar, restoranlar, inzibati və toplantı otaqları, uşaq əyləncə mərkəzi, açıq tipli terras və istirahət guşələrindən ibarət olacaq. Kompleksin dəmir yolu bölməsi gündəlik 800-1000 nəfər, avtovağzal isə 1000-1200 nəfər sərnişinə xidmət edəcək”.
Qeyd edək ki, Ağdam–Xankəndi dəmir yolu 1979-cu ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə inşa olunub.