Azərbaycanda enerji tarifləri yenidən strukturlaşdırılacaq
Azərbaycanda elektrik enerjisi və təbii qaz üzrə sabit tarifin (1 manat səviyyəsində) tətbiqi əsas əhali istehlakçıları üçün əlavə maliyyə yükü yaratmayacaq. SİA xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında bildirib.
Onun sözlərinə görə, sabit tariflə bağlı xərclər hazırda aktiv abonentlər tərəfindən mövcud istehlak tarifləri çərçivəsində ödənilir:
“Bu yanaşma əsas əhali istehlakçıları üçün əlavə maliyyə yükü yaratmır. Qeyd etmək istərdim ki, Azərbaycanda məişət abonentləri üçün sayğaclar abonentin deyil, paylayıcı şirkətin vəsaiti hesabına quraşdırılır. Müqayisə üçün bildirək ki, Türkiyə, Rusiya və Gürcüstanda sayğacların dəyəri birbaşa abonentlər tərəfindən ödənilir.
Hər bir abonentin şəbəkəyə qoşulması zəncirvari texniki proses tələb edir və bu, enerji istehlakından asılı olmayaraq, müəyyən xərclərin yaranmasına səbəb olur. Belə hallarda haqlı olaraq sual meydana çıxır: Niyə passiv abonentlərin – yəni faktiki enerji istifadə etməyənlərin xərclərini digər vətəndaşlar ödəməlidir?”
O. Zeynalov hesab edir ki, tarif sisteminin iqtisadi baxımdan daha təkmil və ədalətli yanaşmalar əsasında yenidən strukturlaşdırılması gələcəkdə sosial baxımdan daha balanslaşdırılmış və əlçatan tariflərin formalaşmasına xidmət edəcək.