Siyasət

“Forum Azərbaycanın Qarabağ üzərində suverenliyinin təntənəsidir”


“Xankəndində keçirilən yüksək səviyyəli forum Azərbaycanın Qarabağ üzərində tam suverenliyinin təntənəsi kimi qiymətləndirilməlidir. Forumda yalnız dost və qardaş ölkələrin – Türkiyə, Pakistan, İran, Qazaxıstan və Qırğızıstanın yüksək rütbəli nümayəndələrinin, dövlət başçılarının iştirakı bu tədbirə həm siyasi, həm də simvolik dəyər qazandırdı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, bu, Azərbaycanın regionda artan nüfuzunun və geosiyasi çəkisinin bariz nümunəsidir: “Ən önəmlisi, forumun məhz Xankəndində keçirilməsi həm daxili, həm də beynəlxalq ictimaiyyətə aydın mesaj idi: Azərbaycan ərazi bütövlüyünü bərpa edib və artıq Qarabağda yalnız Azərbaycan dövləti söz sahibidir. Burada beynəlxalq ekspertlərin deyil, müttəfiq və strateji tərəfdaş dövlətlərin liderlərinin iştirakı göstərdi ki, bölgənin gələcəyi xaricdən deyil, region ölkələrinin qarşılıqlı əməkdaşlığı ilə qurulacaq.

Bu forum həm də Ermənistan və onu dəstəkləyən bəzi qüvvələr üçün ciddi bir siqnaldır: status məsələsi artıq tarixdir və Qarabağın gələcəyi yalnız Azərbaycan dövlətinin iradəsinə əsaslanacaq. Bu kimi tədbirlər sübut edir ki, Azərbaycan yalnız hərbi deyil, diplomatik və siyasi sahədə də strateji qələbələrə imza atmaqdadır”.