İspaniyada öküz qaçışı zamanı 8 nəfər xəsarət alıb
İspaniyada San Fermin festivalı zamanı baş tutan öküz qaçışında 8 nəfərin yaralandığı açıqlanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İspaniyanın Pamplona şəhərində keçirilən San Fermin festivalı dəhşətli anlara səhnə olub. Bayram şənliklərində keçirilən öküz qaçışı zamanı öküzlərdən biri tədbir iştirakçılarına hücum edib. San Fermin festivalının 2-ci günündə baş verən hadisədə 8 nəfər yaralanıb.
Pamplonada hər il keçirilən öküz qaçışında heyvanlar əvvəlcə küçələrə buraxılır və 3 dəqiqə davam edən tədbirdə təxminən 4000 adam öküzlərlə 850 metr məsafəyə güləşin keçiriləcəyi arenaya doğru qaçır. San Fermin festivalı çərçivəsində səhər saatlarında öküz qaçışları, günorta isə korridalar keçirilir. Bundan əlavə, tədbir çərçivəsində hər saat mahnı və rəqslərlə bayramlar və dini mərasimlər keçirilir. 1911-ci ildən bəri illik öküz qaçışlarında 16 nəfər həyatını itirib və sonuncu ölüm hadisəsi 2009-cu ildə qeydə alınıb.