Dünya

Nepal-Çin sərhədində daşqın olub


Çin və Nepal arasında Himalay dağlarında bir vadidə güclü yağışların səbəb olduğu daşqınlarda 1 nəfər ölüb, 28 nəfər itkin düşüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Çin-Nepal sərhədində yağan güclü yağışdan sonra iki ölkə arasındakı Bhote Koshi çayı daşıb. Ölkələri birləşdirən Dostluq körpüsü uçub. Gömrük yoxlaması üçün sərhəddə dayanmış bəzi evləri və çoxlu avtomobilləri sel suları aparıb. Nepal Milli Fəlakət Riskinin Azaldılması və İdarəetmə İdarəsi, iki ölkə arasında Himalay vadisində baş verən daşqınlar nəticəsində Nepalda 1 nəfərin öldüyünü, 11 Nepallı və 6 Çinli olmaqla 17 nəfərin itkin düşdüyünü açıqlayıb. Çin dövlət televiziyası Çin tərəfində 11 nəfərin itkin düşdüyünü bildirib.

Bölgədə axtarış-xilasetmə işləri davam edir. İyundan sentyabr ayına qədər davam edən musson mövsümü Cənubi Asiyada ölümcül daşqınlara və sürüşmələrə səbəb olur. Bununla belə, ekspertlər iqlim dəyişikliyinin hazırkı vəziyyəti daha da pisləşdirdiyini deyirlər.