Ordubadda “ağıllı” kənd təsərrüfatı modeli tətbiq ediləcək
İsveçrə şirkəti beynəlxalq təcrübə əsasında Ordubad, Şahbuz, Culfa və Babək şəhərlərinin baş planlarını yeniləyəcək. SİA xəbər verir ki, bu barədə məlumatı qeyd olunan layihəni həyata keçirəcək şirkətin nümayəndəsi Angela Viest açıqlayıb.
O bildirib ki, Ordubadda yeni iş yerlərinin yaradılmasına yönəlik tədbirlər həyata keçiriləcək:
“Burada yaşamaq və işləmək istəyənlər üçün uyğun infrastruktur təmin ediləcək. Hədəfimiz yalnız şəhərlərin görkəmini dəyişmək yox, həm də mövcud iqtisadi strukturlara yeni nəfəs verməkdir. Məsələn, kənd təsərrüfatı sahəsində “smart”, yəni ağıllı texnologiyalara əsaslanan model tətbiq olunacaq. Bu, məhsuldarlığı artırmaqla yanaşı, yeni filial və müəssisələrin yaranmasına da şərait yaradacaq”.
A.Viest əlavə edib ki, Ordubadın yenilənən baş planının əsas istiqamətlərindən biri də infrastrukturun müasirləşdirilməsidir:
“Bu çərçivədə yolların genişləndirilməsi, yeni ictimai nəqliyyat xətlərinin yaradılması və piyada əlçatanlığının artırılması xüsusi yer tutur. Layihədə “15 dəqiqəlik şəhər” konsepsiyasının tətbiqi nəzərdə tutulur. Bu yanaşmaya əsasən, şəhər sakinləri yaşadıqları ərazidən uzaqlaşmadan – maksimum 15 dəqiqəlik məsafədə alış-veriş, səhiyyə, təhsil, istirahət və digər əsas xidmətlərdən istifadə edə biləcəklər”.
Şirkət nümayəndəsinin sözlərinə görə, Ordubadın müxtəlif nöqtələrində “mini-parklar” yaradılacaq:
“İnsanlar burada görüşə, söhbət edə, vaxt keçirə, uşaqlar isə oyun oynaya biləcəklər. Bu parklarda geniş ağacəkmə işləri aparılacaq, kölgəli sahələr yaradılacaq. Həmçinin digər yaşayış məntəqələrində də ağac əkilməsi və kölgəlik sahələrin artırılması nəzərdə tutulur”.