Sosial

Sabaha gözlənilən hava proqnozu açıqlanıb


Azərbaycanda iyulun 9-na gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 20-24, gündüz 28-33 dərəcə isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 758 millimetr civə sütunu, nisbi rütubət gecə 65-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 22-23, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 31-36, dağlarda gecə 5-10, gündüz 18-23 dərəcə isti olacağı bildirilir.