KOB evlərində sahibkarlara 260 minə yaxın xidmət göstərilib
Cari ilin yanvar-iyun aylarında KOB evlərində sahibkarlara 260 minə yaxın xidmət göstərilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən SİA-ya bildirilib ki, bu xidmətlərin 170 minə yaxını “Bakı KOB evi”nin, 54 minə yaxını “Yevlax KOB evi”nin, 34 minə yaxını isə “Xaçmaz KOB evi” və onun Xudat şəhərindəki xidmət mərkəzinin payına düşür.
Göstərilən xidmətlərin 232 mindən çoxu dövlət qurumları (“G2B”), 24 mindən çoxu isə biznes qurumları (“B2B”) tərəfindən göstərilib.
Sahibkarlar KOB evlərinə daha çox yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, mənşə sertifikatı, fiziki şəxsin vergi uçotuna alınması, vergi, gömrük, kommunal xidmətlər və s. üçün müraciət ediblər.
Cari ilin I yarısında KOB evlərində yeni xidmətlər də sahibkarların istifadəsinə verilib.
Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98 faiz təşkil edir.
Qeyd edək ki, KOB evləri sahibkarlara operativlik, şəffaflıq və vətəndaş məmnunluğu prinsipləri əsasında biznes xidmətlərinin göstərildiyi vahid məkandır. Hazırda KOB evlərində biznesin qeydiyyatından başlayaraq inkişaf etdirilməsinə qədər olan bütün zəruri xidmətlər, o cümlədən biznesin qeydiyyatı, lisenziya, icazə və digər sənədlərin alınması, vergi və gömrük məsələləri, güzəştli maliyyə vəsaitlərinə çıxış, kommunal xidmətlərə qoşulma, bank, sığorta, notariat və digər xidmətlər göstərilir. Ümumilikdə Bakı, Xaçmaz və Yevlax KOB evlərində sahibkarlara 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 400-dən çox “G2B” və “B2B” xidmətlər göstərilir. KOB evləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturuna daxildir.