İqtisadiyyat

“Mebel sektorunda da eyni hal müşahidə olunur”


“Əgər ölkədə bütün qiymət nomenklaturası üzrə – yəni malların, məhsulların, xidmətlərin müxtəlif növləri üzrə – ümumi qiymət artımı müşahidə olunursa, bu zaman ayrı-ayrı seqmentlərdə qiymətlərin sabit qalması iqtisadi baxımdan məntiqli və davamlı hesab oluna bilməz”. Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli deyib.

Akif Nəsirli sözlərinə belə davam edib: “Sadə bir misalla izah etsək: müəyyən şəxsin maya dəyəri olmayan, yəni təbii resursdan əldə etdiyi məhsul (məsələn, çaydan tutulan balıq) bazara çıxarılır və gündəlik olaraq satılır. Bu şəxs hər gün iki balıq tutub, onları 5 manatdan sataraq ümumilikdə 10 manat gəlir əldə edir. Bu gəlirlə özünün gündəlik ərzaq və tələbat mallarını qarşılayır.

Lakin bazarda inflyasiya baş verərsə – yəni ərzaq məhsulları, gündəlik tələbat malları bahalaşarsa – həmin şəxs əvvəlki 10 manatla eyni həcmdə məhsul ala bilmir. Nəticə etibarilə, o da öz məhsulunun (balığın) qiymətini artırmağa məcbur qalır. Bu proses maya dəyəri olmayan məhsullara da dolayı təsir edir. Yəni, balıq təbiətdən ödənişsiz əldə olunsa da, onu satan insanın yaşayış xərcləri bahalaşdığı üçün o da satış qiymətini yüksəltməli olur. Bu mexanizm bütün sahələrə aiddir. Əgər bazar üzrə ümumi inflyasiya tendensiyası müşahidə olunursa, fərdi məhsul və xidmətlərin qiymətlərində sabitliyin qorunub saxlanılması real deyil.

Mebel sektorunda da eyni hal müşahidə olunur. Yəni mebelin bahalaşmasında spesifik və texniki amillərlə yanaşı, ümumi bazar qiymətlərinin artması əsas səbəblərdən biridir. Mebel qiymətləri də digər mallar və xidmətlər kimi inflyasiya prosesinin təsiri altındadır. Nəticə etibarilə, ümumi iqtisadi mühitdə qiymətlərin yüksəldiyi şəraitdə, ayrı-ayrı məhsul və ya xidmət seqmentlərinin qiymətinin sabit qalması gözlənilməz və iqtisadi cəhətdən əsassızdır. Bu, inflyasiyanın bütövlükdə bazara göstərdiyi sistemli təsirin təbii nəticəsidir”.

Ayşən Vəli