Aparıcı jurnalist olması ona heç bir üstün imtiyaz, qeyri-rəsmi səlahiyyət qazandırmayıb
Həmişə o qənaətdə olmuşam ki, jurnalist öz çıxışlarında “mən” ifadəsini çox işlətməkdən mümkün qədər çəkinməli, xüsusilə də media kapitanı rəhbərlik etdiyi media orqanını özünün şəxsi ruporuna çevirməməlidir. Bu nöqteyi-nəzərdən, görkəmli ictimai-siyasi xadim, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev əsl etalondur desəm, yanılmaram.
Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə ilə bitirən Aydın Quliyev əmək fəaliyyətinə fəhləlikdən başlamış, zəhmətin, alın tərinin dəyərini bilmişdir. O, gənc yaşlarından siyasi mübarizə meydanına atılmış, erməni işğalının və müstəqilliyimizin ilk illərində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisində məsul vəzifədə işləmişdir. Həmçinin, ixtisası üzrə tarix fənnini tədris etmiş, ölkənin aparıcı qəzetlərində siyasi-publisustik və analitik məzmunlu məqalələrlə çıxış etmişdir.
Keşməkeşli siyasi mübarizə yolu keçən Aydın Quliyev yetkin bir politoloq kimi indi də televiziya və mətbuatda çıxışlarında, müsahibələrində Azərbaycanın yerləşdiyi mürəkkəb, eyni dərəcədə vacib geosiyasi mövqeyindən irəli gələn nüansların dolğun izahını verir.
Aydın Quliyevin siyasi və peşə fəaliyyətinin indi də davam edən ən məhsuldar dövrü Azərbaycanın az qala yoxdan var olması kimi xarakterizə edilən, ölkəmizin müstəqillik qazanması, hərtərəfli, ən əsası isə iqtisadi və hərbi yüksəlişə nail olduğu, torpaqlarını işğaldan azad etdiyi şanlı tarixi ilə – mərhum Ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı İlham Əliyevin prezidentlikləri dövrünün hələlik bir hissəsinin əhatə olunduğu qərinə ilə üst-üstə düşür. Bir tarixçi, yetkin siyasətçi, ölkə və dünya gündəmini diqqətlə izləyən bir peşəkar jurnalist olaraq Aydın Quliyevin bu “qızıl dövrü” dürüst qiymətləndirməmək, siyasi orientasiyasını düzgün seçməmək haqqı yox idi. Bu baxımdan, kimlərinsə onu sadəcə, “zəmanənin nəbzini tutan” buqələmun şəxslərlə, necə deyərlər, fürsətcil adamlarla müqayisə etmək cəhdləri uğursuzdur.
Nədənsə, cəmiyyət şüurunda dövlətin mediaya ayırdığı qayğılı münasibətdən faydalanan jurnalistlərə münasibətdə belə bir stereotip formalaşdırmağa çalışanlar var ki, bəs bu zümrəyə aid olan jurnalistlər dövlət başçısından gördükləri qayğıya qarşılıq olaraq minnətdarlıq hissinin təsiri altına düşür, Prezidentin vəzifəyə təyin etdiyi heç bir məmuru rəvac verdiyi qanunsuzluğa görə ictimai qınağa vermək istəmir, bir növ özləri də məmurlaşırlar. Belə fikirləşənlər əvvəla həmin jurnalistin əməyinin yüksək səviyyədə qiymətləndirilməsinə səbəb olan xidmətlərini görmək istəmirlər. İkincisi, “dövlət” və “hökumət” məfhumlarını fərqləndirməyi bacarmırlar. Üçüncüsü isə cənab Prezidentin məhz tərəqqipərvər media nümayəndələrini daim təkmilləşdirilən dövlət idarəçiliyində etibarlı müttəfiq hesab etdiyini unudurlar.
Ədalətli müşahidəçi özünə bir az zəhmət versə, asanlıqla görə bilər ki, Aydın müəllimin aparıcı jurnalist olması ona heç bir üstün imtiyaz, qeyri-rəsmi səlahiyyət qazandırmayıb. Məlum olar ki, onsuz da mandatsız millət vəkili olan Aydın Quliyev də deputatlığa namizədliyini verəndə qeyri-məqbul rəqabətlə üzləşməkdən sığortalanmayıbmış. Yaxud, onun da övladının magistratura təhsili aldığı xarici ölkədə fasiləsiz olaraq doktorantura təhsili üzrə Dövlət proqramına qəbul edilməsi üçün valideyn kimi müraciəti “suya düşə” bilərmiş. O da haqqı-hüququ pozulmuş bəzi vətəndaşlar kimi ölkə başçısına gileyini bildirə bilirmiş. Bir valideyn olaraq əlindən gələni etdiyindən əmin olmaqla, “dürüst və haqlı olanın üzünə heç bir məmur və ya məmur övladı qapı bağlaya bilməz” deyərək verdiyi özünü doğrultmayan həyat tərbiyəsinə görə övladından üzr istəməklə kifayətlənibmiş. Dövlətçiliyimizə şəxsi münasibətinin hər hansı təmənna üzərində qurulmadığı vurğulamaqla, hər hansı gəldi-gedər məmurların subyektiv qərarlarının bu əqidəsini dəyişmək gücündə olmadığının altını cızmaqla qane olarmış. Sadəcə olaraq, Aydın Quliyev yuxarıda qeyd etdiyim kimi, baş redaktoru olduğu qəzeti özünün şəxsi ruporuna çevirmədiyi üçün qarşılaşdığı bu sayaq problemləri, məruz qaldığı hüquqpozmaları “Bakı-Xəbər”in səhifələrinə çıxarmır. O, nəyi harada, necə etməyi, hansı sözü hansı platformada, hansı tədbirdə deməyi düzgün müəyyənləşdirir, bununla da həmkarlarına peşə etikasına, subordinasiya qaydalarına riayət etmək nümunəsi göstərir. Aydın Quliyevin Mətbuat Şurasının İdarə Heyətinin üzvü kimi fəaliyyəti də mötədil olmuş, cəmiyyətlə media cameəsi arasındakı münasibətlərin ədalətlə tənzimlənməsi prinsipinə əsaslanmışdır.
Aydın müəllim dostları arasında yaş və status fərqinə görə ayrı-seçkilik edən deyil, necə deyərlər, uşaqla uşaq, böyüklə böyükdür. Hərçənd, dost seçəndə də yanılmır – yaşca böyük olanlar da, kiçik olanlar da ondakı işığı görən, onunla zinətlənən və onu zinətləndirən ziyalı insanlardır. O, dostlarına, həmkarlarına münasibətdə necə səmimi, diqqətcildirsə, rəhbərlik etdiyi kollektivin üzvlərinə qarşı da çox həssasdır. Bu həqiqəti saf əqidəli, həqiqətpərəst, birmənalı olaraq yüksək peşəkarlığı ilə seçilən “Bakı – Xəbər” əməkdaşları arasından dostluq elədiyim həmkarlarım da təsdiqləyirlər. “Bakı – Xəbər” məktəbini keçmiş, pərvazlanıb başqa nüfuzlu dövlət, qeyri-hökumət, media və sahibkarlıq strukturlarında peşə fəaliyyətini davam etdirən jurnalistlər də minnətdarlıqla xatırlayırlar ki, Aydın Quliyev onları xeyir-dua ilə yola salmış, işlərinin avand olması üçün hər cür köməklik göstərmiş, indi də dəyərli məsləhətlərini əsirgəməməkdədir.
“Bakı – Xəbər” qəzetinin mərhum redaktoru, rəhmətlik Vaqif Həsənli eynən bu sətirlərin müəllifi kimi çılğın şahmat həvəskarı idi. Qonşu redaksiyalarda çalışdığımızdan, nahar fasiləsinə “haram qatıb” şahmat oynadığımız vaxt Aydın müəllimdən söz düşəndə baş redaktoru barəsində razılıqla danışardı. Müşahidə elədiyi üstün məziyyətləri sırasında Aydın Quluyevin öz orta və ali məktəb müəllimlərinə, həyat yollarını özünə ideal seçdiyi, vaxtilə dogma Naxçıvanda dövlət qulluğunda, əmək kollektivlərində çiyin-çiyinə çalışaraq təcrübə əxz etdiyi ixtiyar yaşlı iş yoldaşlarına, əqidədaşlarına, doğulduğu Cəhri kəndindən olan ziyalılara olduqca sayğılı münasibətini xüsusi vurğulayardı. Deyərdi ki, onların sırasından Bakıya hər hansı məsələ ilə əlaqədar, məsələn mətbuata, poliqrafiya xidmətinə işi düşənlər başqa variant axtarmadan birbaşa Aydın müəllimi gəlib tapır, umduqları və hətta gözləmədikləri dərəcədə artıq hörmət və ehtiramı, qonaqpərvərliyi, köməkliyi ondan görəcəklərinə xatircəm olurlar.
Gözəl insan, vətənpərvər ziyalı, etibarlı dost, qayğıkeş ailə başçısı, bacarıqlı rəhbər, həqiqətpərəst jurnalist Aydın Quliyevi 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı, dövlətçiliyə xidmətdə, yetişməkdə olan gənc jurnalistlərə örnək sayıla biləcək peşə fəaliyyətində yeni-yeni uğurlar arzulayıram. Əminəm ki, Aydın Quliyevin hələ ölkəmizin tərəqqisi, jurnalistikamızın inkişafı naminə görəcəyi çox işlər var. O, indiyədək üzərinə düşən və tələb olunmadığı təqdirdə belə öhdəsinə götürdüyü bütün vəzifələri ləyaqətlə, təvazökarlıqla yerinə yetirdiyi kimi, bundan sonra da şövqlə çalışacaq, qarşıdakı xidmətləri, imza atacağı növbəti nailiyyətləri xalqımız və dövlətimiz tərəfindən dəyərləndiriləcəkdir.
Pünhan ŞÜKÜR
Yazıçı-publisist