Siyasət

“İlham Əliyevin ölkələrarası əlaqələri gücləndirməsi Türkiyə olaraq bizi qürurlandırır”


“Azərbaycan Prezidenti cənab İlham Əliyev 9 iyul tarixində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb. Ərəb mediasına əsasən, BƏƏ Azərbaycan-Ermənistan arasında sülh danışıqlarına ev sahibliyi edəcək”. Bu sözləri SİA-ya açıqlamasında türk politoloq Hakan Aktürk deyib.

Hakan Aktürk sözlərinə belə davam edib: “Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi çərçivəsində 10 iyul tarixində Əbu-Dabidə Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib.

Son günlər Rusiya ilə Azərbaycan arasında yaşanan gərginlikdən faydalanmağa çalışan Paşinyana səslənən Aktürk deyib “Ermənistan baş naziri yaxşı düşünməlidir. Heç bir halda fərqli planlara girməsin. Bizim mövqeyimiz bəllidir və bunu yüksək səslə bəyan edirəm”.

O əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkələrarası əlaqələri gücləndirməsi Türkiyə olaraq bizi qürurlandırır. Görüşlər zamanı qısa müddət əvvəl Azərbaycanın Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (EİT) sammitinin əhəmiyyəti də vurğulanıb və BƏƏ-nin bu tədbirdə yüksək səviyyədə iştirakının təqdir olunduğu qeyd edilib.

Görüşün sonunda Prezident İlham Əliyev və Şeyx Məhəmməd bin Zayedin iştirakı ilə “Azərbaycan Respublikası Hökuməti ilə BƏƏ Hökuməti arasında Əhatəli İqtisadi Tərəfdaşlıq Sazişi” imzalanıb.

Aktürk əlavə edib ki, Paşinyanla Əliyevin görüşü tam mənada “sülh görüşü” deyil: “Bu, sülh prosesi çərçivəsində keçirilən bir görüşdür, bəli. Amma Paşinyan yenə arxadan zərbə vurmağa çalışarsa, o zaman məsələ dəyişər”.

Politoloq vurğulayıb: “Bizim tərəfimiz bəllidir. Biz qardaş ölkəmiz Azərbaycanın və Prezident İlham Əliyevin bütün addımlarını diqqətlə izləyirik. Biz təkcə Ermənistana qarşı deyil, Azərbaycanın əleyhinə olan bütün əsassız və düşmən hərəkətlərə qarşıyıq – fərq etməz, bu hansı ölkə olur-olsun. Azərbaycanın maraqlarına zidd hərəkət, Türkiyə Respublikasına qarşı atılmış addım kimi qəbul ediləcək”.

Aktürk sonda bildirib: “Görüşlərin müsbət keçməsi bizim üçün önəmlidir. Hazırda baş verən prosesləri diqqətlə izləyirik. Azərbaycan Respublikası və Prezident İlham Əliyevin beynəlxalq nüfuzunun artması üçün Türkiyə hər zaman dəstək verəcək və Azərbaycanın yanında olacaq”.

Ayşən Vəli