Konfutsinin vətənində sivilizasiyalar forumu keçirilir
Çinin Şandon əyalətinin Çüfu şəhərində 11-ci Nişan Dünya Sivilizasiyalar Forumu keçirilir. SİA xəbər verir ki, adını Çüfu şəhərətrafındakı Nişan dağından götürən foruma dünyanın 70 ölkəsindən dövlət rəsmiləri, alimlər, mədəniyyət xadimləri, diplomatlar, tədqiqatçılar, jurnalistlər, ümumilikdə 600-ə yaxın qonaq qatılıb.
Çinin Mədəniyyət və Turizm Nazirliyinin, Çin İctimai Elmlər Akademiyasının, Beynəlxalq Konfutsi Assosiasiyasının və Şandon əyaləti hökumətinin birgə təşkil etdiyi tədbir “Konfutsi dünyası” mədəniyyət mərkəzində keçirilir. “Müxtəliflikdə gözəllik: Qlobal modernləşmə üçün sivilizasiyalar arasında anlaşmanın inkişafı” mövzusunda keçirilən builki forumda 6 əsas mövzu üzrə, o cümlədən sivilizasiyaların mənşəyi və onların gələcək inkişafı, qlobal müasirləşmə prosesində qarşılıqlı inkişafın təşviqi, süni intellektin inkişafı və onun sivilizasiyaya təsiri mövzularında müzakirələr aparılır. İki gün davam edəcək forum çərçivəsində dəyirmi masalar, seminarlar, təqdimatlar təşkil olunur.
Qeyd edək ki, forumun Çüfu şəhərində keçirilməsi rəmzi məna daşıyır. Çünki məhz Çüfu Çin filosofu və mütəfəkkiri Konfutsinin vətəni hesab olunur. Nişan Dünya Sivilizasiyalar Forumu 2010-cu ildən bəri Çüfu şəhərində təşkil olunur.