Sosial

“Qrup şəklində fəaliyyət göstərmək uşaqlarda…”


“Uşaqların erkən yaşlardan uşaq bağçasına getməsi onların psixoloji, sosial və intellektual inkişafı baxımından son dərəcə vacibdir. Baxça yalnız tədris və oyun məkanı deyil, həm də uşağın ilk sosiallaşma mühiti rolunu oynayır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

Onun sözlərinə görə, uşaq bağçasında formalaşan davranış nümunələri uşağın gələcək həyatına birbaşa təsir edir: “Uşaq ev mühitində əsasən ailə üzvləri ilə ünsiyyətdə olur. Lakin baxçaya başladıqda ilk dəfə yaşıdları ilə birgə fəaliyyət göstərmək, paylaşmaq, gözləməyi bacarmaq və öz fikirlərini ifadə etmək imkanına sahib olur. Bu isə uşağın emosional inkişafında, özünüifadə bacarığının formalaşmasında və empatiya hissinin güclənməsində mühüm rol oynayır.

Bundan əlavə, baxçada tətbiq olunan gündəlik rejim, tapşırıqlar və müəllim nəzarəti uşaqlarda intizamlı olma, qaydalara əməl etmə və müstəqillik bacarığını inkişaf etdirir. Qrup şəklində fəaliyyət göstərmək isə uşaqlarda komanda ruhu, əməkdaşlıq və sosial məsuliyyət hissini formalaşdırır. Baxçaya getmək həm də uşağın məktəbə hazırlıq mərhələsində özünəinamının artmasına, nitqinin və ümumi zehni fəaliyyətinin inkişafına yardım edir. Erkən yaşlarda düzgün yönləndirilən uşaq, sonrakı mərhələlərdə özünü daha rahat ifadə edir və cəmiyyətə daha sağlam adaptasiya olur. Bu baxımdan valideynlərin uşaq bağçasına təkcə bir baxım yeri kimi yox, həm də uşağın həyatında vacib psixoloji və sosial inkişaf mərhələsi kimi yanaşması çox önəmlidir”.