Sosial

GİKM gənclər üçün “Şəxsi inkişaf bələdçisi”ni hazırlayır


Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) 2025-ci ilin ilk 6 ayı uğurlu fəaliyyət dövrü kimi dəyərləndirilir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə GİKM-dan verilən məlumatda bildirilib.

Qeyd edilib ki, mərkəz tərəfindən son 6 ay ərzində müxtəlif istiqamətlər, o cümlədən vətənpərvərlik və dövlətçilik istiqamətləri üzrə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. Bu istiqamətlər üzrə 422 müxtəlif tədbir təşkil olunub, 15 mindən çox gənc bu fəaliyyətlərə cəlb edilib.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində ümumilikdə 22 rayon və şəhərdə təşkil olunan 70 fərqli tədbirdə 3 min 500-ə yaxın gənc iştirak edib.

Gəncləri Qərbi Azərbaycanın tarixi və mədəni irsi haqqında məlumatlandırmaq məqsədilə 10-dan çox rayon və şəhərdə müxtəlif tədbir və layihələr təşkil olunub, fəaliyyətlərə 500-dən çox gənc qatılıb.

Gənclərin karyera quruculuğu istiqamətində 28 şəhər və rayonda 200-ə yaxın müxtəlif fəaliyyət həyata keçirilib və fəaliyyətlərə 8 mindən çox gənc cəlb olunub. Gənclərin karyera quruculuğuna dəstək məqsədilə “CareerLAB” şəbəkəsi paytaxt və regionlarda həyata keçirilib. Layihə ümumilikdə 10 ali və orta təhsil müəssisəsində 1500-ə yaxın gənci əhatə edib. “CareerLAB” şəbəkəsinin 2025-ci ilin ikinci yarısında da davam etdirilməsi planlaşdırılır. Həmçinin region gənclərinin peşəkar inkişafına dəstək olmaq üçün müxtəlif şəhər və rayonlarda “LevelUP” karyera forumu həyata keçirilib. “LevelUP” karyera forumlarında ümumilikdə 1000-dən çox gənc iştirak edib. Gənclərin karyera quruculuğu istiqamətində yanvar-iyun ayları ərzində paytaxtda da bir sıra irimiqyaslı layihələr həyata keçirilib. Bu layihələr 1000-dən çox gənci əhatə edib.

Bundan əlavə, gənclər üçün ixtisas seçimi mövzusunda dəstək görüşləri və fərdi karyera məsləhətləri təşkil olunub. Paytaxt və regionlarda ümumilikdə 345 fəaliyyətdə 10 minə yaxın gənc iştirak edib. Şəxsi inkişaf istiqaməti üzrə keçirilmiş layihələr arasında “Regionun Gənc Liderləri” və “Youth Start” şəxsi inkişaf proqramları, “Rəqəmsal gənclik” və “Bilik arenası” layihələri xüsusi diqqət çəkir. Respublikanın 18 şəhər və rayonunda keçirilən “Regionun Gənc Liderləri” proqram çərçivəsində seçilmiş 50-ə yaxın gənc müxtəlif təlim və seminarlara cəlb edilib, simulyasiya və qrup tapşırıqları həyata keçirib. “Youth Start” şəxsi inkişaf proqramı çərçivəsində isə 167 müxtəlif mövzulu təlimlərə 4 minə yaxın gənc cəlb olunub.

Bundan əlavə, GİKM tərəfindən gənclər üçün “Şəxsi inkişaf bələdçisi” hazırlanır. Bələdçi gənclərə karyera planlaması, özünü dərketmə, məqsədqoyma və qərarvermə bacarıqları sahəsində istiqamət verməklə, onların gələcək peşə və həyat yolunu daha məlumatlı şəkildə müəyyən etmələrinə yardımçı olmaq məqsədi daşıyır.

Bu ilin ilk 6 ayında gənclər üçün könüllülük və sosiallaşma istiqamətləri üzrə də bir sıra fəaliyyətlər həyata keçirilib. Adıçəkilən fəaliyyətlərə “İstedadlı və yaradıcı gənclik”, “Gənc Könüllü” proqramı, “Mərkəzə doğru” layihəsi və klub fəaliyyətlərini misal göstərmək olar.

Qeyd edək ki, GİKM-in respublika üzrə 11 regional nümayəndəliyi və 44 bölməsi fəaliyyət göstərir. GİKM Gənclər Fondu nəzdində 2019-cu il oktyabrın 1-dən fəaliyyət göstərir.