Siyasət

Neokolonializmlə MÜBARİZƏNİN YOLLARI


Neokolonializm məhz yunan dilindən yeni” kimi tərcümə olunan “neo” prefiksi ilə işlədilsə də elə həmin o “müstəmləkəçilik”dən başqa bir şey deyil. Belə görünür ki, Qərb ölkələrinin məqsədləri dəyişməz olaraq qalır, yalnız üsul və mexanizmlər dəyişir. Neokolonializm üçüncü dünya ölkələrinin müstəqillik əldə etdiklərindən sonra yaranmış və yeni müstəqillik əldə etmiş ölkələrin resursları üzərində nəzarəti həyata keçirməklə Qərbdən asılı vəziyyətdə olan kapitalizmin, imperializmin bu dövlətlərə hökmranlığına yönəlmiş qurum və mexanizmlərin yaradılması şəklində özünü göstərməkdədir.

Üçüncü Dünya ölkələrinin, müasir elmi ədəbiyyatda Qlobal Cənub ölkələri adlanan ölkələrin müstəqillik əldə etməsindən yarım əsrdən çox vaxt keçib, lakin zəngin təbii ehtiyatlarına baxmayaraq, əvvəlki kimi hələ də iqtisadi və texnoloji gerilik, aclıq, yoxsulluq, epidemiya və pandemiya təhlükələri ilə üz-üzə qalaraq, zəif olaraq qalırlar. Bütün bunlar guya, insan haqları, demokratiya, bərabərlik, ədalət və sair kimi, dünyada elan edilən ümumbəşəri dəyərlərdən asılı olmayaraq, nəzərə belə alınmayaraq baş verir. Məsələ burasındadır ki, ümumbəşəri elan edilmiş dəyərlərə hörmətsizlik elə məhz bir çox onilliklər sonra, Qlobal Cənubun bir sıra xalqları zülmdən azad edildikdən, müstəqillik əldə etdikdən sonra dünyada yeni çəkişmələrə səbəb olmaqdadır. Bunun sübutu olaraq, Afrikanın müxtəlif ölkələrində və regionlarında real vəziyyəti, diplomatik münasibətlərin pozulmasını, xüsusən də hərbi sahədə denonsasiyanı, yeni qəzəb dalğalarını göstərə bilərik. Yəqin ki, bu qəzəb dalğaları da neokolonializmlə mübarizəni özündə ehtiva edir və çox güman ki, bu mübarizə indiki kimi deyil, nə zamansa özünü yetərincə göstərəcək. Heç şübhəsiz ki, bu hal qaçılmazdır və neokolonializmin sona qədər davam edəcəyi mümkünsüzdür və bu baxımdan dünya xalqları özləri də, elə Qərb özü də buna artıq hazırlıqlı olmalıdır. Onu da unutmaq lazım deyil ki, Afrikada neokolonializmlə mübarizənin vəzifələri qitə xalqlarının qarşısında duran problemlərin mürəkkəbliyinə görə müxtəlifdir. Bu müxtəlifliyi sadalamağa heç də ehtiyac yoxdur və biz iqtisadi, siyasi, mədəni, texnoloji, institusional, müdafiə və təhlükəsizlik istiqamətində yolları qeyd etsək, ümid edirik ki, tamamilə münasib olar və yerinə düşər…

İQTİSADİ YOLLAR

Bildiyimiz kimi, Afrika təbii resurslarla və insan resursları ilə məşhurdur. Xüsusilə almaz, qızıl, nikel, uran, titan, qrafit, dəmir filizi, fosfatlar, alüminium, qaz, neft, ağac və balıq ehtiyatları olmaqla, qitənin təbii ehtiyatları sonsuzdur. Sirr deyil ki, Afrika unikal flora və faunaya malikdir. Bundan əlavə, dünyanın ən gənc və ən sürətlə artan əhalisi də Afrikadadır. BMT-nin Afrika İqtisadi Komissiyasının məlumatına görə, qitənin əhalisi 2024-cü ildə 1,5 milyard nəfər olub və artım statistikasına əsasən 2050-ci ilə qədər bu rəqəm hətta 2,5 milyarda çatacaq. Doğrudur, bu, bir tərəfdən gələcəkdə qitə əhalisinin təhlükəsizliyinə təminat verir. Amma digər tərəfdən də bu gün müəyyən inkişaf problemləri yaradır, çünki ən azından, qidalanma, qida təhlükəsizliyi kimi bir mühüm problemin təcili həlli vacibdir.

Məsələ burasındadır ki, Afrikanın sərvətləri qitə əhalisinin maraqları naminə istifadə edilmir və qitənin iqtisadiyyatı Qərb ölkələrinin əlindədir. Nəticədə, 2023-2024-cü illərdə Afrika ölkələrinin əhalisinin rifah indeksi, BMT-nin İnkişaf Proqramına görə, bu gün planetin ən aşağı göstəricilərindən biri olaraq qalır. Deməli, müstəmləkəçilik və neokolonializm bir-biri ilə eyni şeydir. Məhz buna görə də Afrikada neokolonializmlə mübarizənin ən mühüm vəzifələrindən biri onların iqtisadi resursları üzərində nəzarəti afrikalılara qaytarmaq hesab olunmalıdır. Yalnız bu yolla Afrika ölkələri iqtisadi suverenliyə nail ola və müalicə, qidalandırma, eləcə də maarifləndirmə kimi aktual problemləri həll edə biləcəklər.

SİYASİ YOLLAR

Diqqətə çatdıraq ki, bir çox ekspertlər məhz müstəmləkəçilikdən qurtulduqdan sonra Afrikanın bu fenomendən tamamilə qurtulduğu və öz gələcəyini qura biləcəyi fikrini ifadə etdilər. Ancaq təcrübə bunun əksini göstərdi. Afrika liderlərinin əksəriyyəti afrikalılar üçün qərarlar qəbul etməyə davam edən müstəmləkəçilərin hakimiyyəti altında qaldı. Qərb üçün arzuolunmaz olan bütün liderləri Afrika xalqı və beynəlxalq ictimaiyyət qarşısında gözdən salmaq üçün onları diktator adlandırmaqla, aradan götürdülər. Qərb birmənalı şəkildə hesab edir ki, Afrika liderlərinin siyasəti keçmiş metropolun maraqlarına xidmət etməli idi. Bir sıra mənbələrdə qeyd olunduğu kimi, bəzi Afrika ölkələrində hökumət üzvlərinin və yüksək rütbəli şəxslərin təyinatı metropolis tərəfindən təsdiq edilməli, iclasların gündəliyi isə sahiblərlə razılaşdırılmalıymış. Beləliklə, qitəni düzgün inkişaf yoluna yönəltməli olan Afrika ölkələrinin siyasi müstəqilliyi formal xarakter aldı və bu gün də məhz müstəmləkəçilərin maraqlarına xidmət etməkdədir. “Yeni” müstəmləkəçiliyə qarşı mübarizənin siyasi vəzifələri öz xalqının mənafeyini üstün tutan əsl Afrika liderlərini hazırlamaqdır. Kənardan sifariş yox, xalq tərəfindən seçiləcək liderlər məhz neokolonializmin kökünü kəsə bilərlər.

MƏDƏNİYƏT YOLLARI

Şübhə yoxdur ki, mədəniyyət cəmiyyətin şəxsiyyətinin ən mühüm elementidir. Fərdin mədəniyyətini, adət-ənənələrini, tendensiyalarını, mənsubiyyətini itirməsi onu istinad nöqtəsiz qoyur və şəxsiyyətin itirilməsinə belə gətirib çıxarır. Təəssüf ki, müstəmləkəçiliyin əsas məqsədlərindən biri də, məhz Afrika xalqlarının rahat idarə olunması üçün onların mədəniyyətlərinin əllərindən alınması oldu. Afrikada olan xalqların mədəniyyətlərini də, adət-ənənələrini də, onlara məxsus olan mədəni irsi də, milli mənsubiyyətlərini də, özünəməxsusluqlarını da əllərindən almaqla, bilavasitə müstəqilliklərini əllərindən almağa hesablanmış siyasət yürüdüldü Qərb tərəfindən.

Heç də sirr deyil ki, müstəmləkəçilik dövründə Qərb ölkələri Afrika xalqlarının sənət əsərlərini və mədəniyyət obyektlərini talamaqla məşğul olurdular. Bu gün neokolonializm dövründə akkulturasiya ən yüksək mədəni nailiyyət kimi rəqəmsal məkanda Qərb həyat tərzini təbliğ edən müasir informasiya texnologiyaları vasitəsilə həyata keçirilir. Bu, əsasən Afrika həyat tərzinə zidd olan qeyri-ənənəvi dəyərlərin yayılmasından ibarətdir. Bunu ilk növbədə nəzərə almaq lazımdır. Məhz elə nəzərə alaraq da Afrikada neokolonializmlə mübarizənin daha bir yolu olaraq, qitə xalqlarının mədəniyyətini, adət-ənənələrini, milli mənsubiyyətlərini qorumaq və yaşatmaq ən önəmli hesab edilməlidir.

TEXNOLOJİ YOLLAR

Qərb ölkələrinin Afrika dövlətləri ilə bağlı ən böyük səhvi ondan ibarətdir ki, müstəqillik əldə etdikdən yarım əsr keçməsinə baxmayaraq, Afrika hələ də Avropa üçün yalnız xammal bazası olaraq qalır. Qərbin fikrincə, istənilən texnoloji inkişaf Avropanın iqtisadi hegemonluğuna təhlükə yarada bilər. Ona görə də Qərbə Afrikanın yalnız xammal bazası və yüksək əlavə dəyəri olan texnoloji məhsulların bazarı olaraq qalması lazımdır. Afrika ölkələrinin bu çıxılmaz vəziyyətdən çıxmaq cəhdi Qərb hegemonluğuna çağırış və təhlükə kimi qiymətləndirilir. Afrika ölkələrinin iqtisadiyyatı hələ də müstəmləkə hökmranlığının, qəhvə, kakao, neft, qaz və sair məhsullarına əsaslanır. Qitə vəziyyəti yaxşılaşdırmaq istəyirsə, texnoloji sıçrayış üçün şərait uğrunda mübarizə aparmalıdır.

MÜDAFİƏ VƏ TƏHLÜKƏSİZLİYİN TƏMİN EDİLMƏSİ YOLLARI

Afrikadakı humanitar vəziyyətlə bağlı sözsüz ki, ancaq arzuolunmaz hallar yada düşür. Sadalanacaq çox şeylər var. Afrikadakı müharibələrin, məcburi köçkünlərin və qaçqınların sayı, qida çatışmazlığı, xəstəliklər kimi sonu olmayan, sayı bilinməyən, günü-gündən də artan problemlər hələ də davam etməkdədir. Bu problemlər azmış kimi Afrikanın təhlükəsizliyi də əminlik altında deyil. Heç bu qitənin təhlükəsizliyi öz əlində də deyil. Təhlükəsizliyin məhz xarici aktorlara verilməsi Afrika ölkələrinin müdafiə sahəsində zəifləməsinə səbəb olub. Bu, eyni zamanda transsərhəd cinayətinin “çiçəklənməsinə” və dövlət strukturlarının zəifləməsinə səbəb olan dövlət sərhədlərinin zəifliyini izah edir. Afrikanın təhlükəsizlik problemləri təkcə vətəndaşların, onların əmlaklarının və qurumlarının fiziki müdafiəsi ilə bağlı deyil, həm də ərzaq təminatı, enerjinin inkişafı və sair ilə bilavasitə bağlıdır.

Bu vaxta qədər müstəmləkəçilik kimi, bu gün isə neokolonializm kimi tanıdığımız bəla bir çox Afrika xalqlarının həyatını zəhərləyir. Bu, Afrika ölkələrinin hərbi-siyasi, iqtisadi, mədəni, texnoloji və ərzaq suverenliyinin möhkəmlənməsinə ciddi maneə deməkdir. Yeni müstəmləkəçiliyin forma və üsulları müxtəlifdir, lakin son niyyət, insanların istismarı ilə qazanc əldə etmək kimi məqsəd dəyişməz olaraq qalır. Buna görə də bu gün həmin qitənin dövlətləri, xüsusən də insanları üçün ən vacib məsələ elə neokolonializmlə mübarizədir. Bu gün Afrikada neokolonializmə qarşı durmaq hər bir Afrika dövlətinin, hər bir afrikalının müqəddəs borcu hesab edilir…

İNSTİTUSİONAL YOLLAR

Beynəlxalq təşkilatların və regional inteqrasiya birliklərinin rolu çox vacibdir və bunu danmaq da mümkün deyil, çünki heç bir dövlət təkbaşına yaşaya bilməz. Beynəlxalq təşkilatların, regional inteqrasiya birliklərinin məqsədləri hazırda təcili ümumi problemlərin həllinə yönəlməlidir. Afrika dövlətləri artıq yaradılmış regional və ya universal mexanizmləri yaratmaqda və ya onlara, Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS), Cənubi Afrika İnkişaf Birliyi (SADC), Afrika İttifaqı (AU), BMT və sairlərinə qoşulmaqdadır.

Sözsüz ki, Afrika ölkələrinin bu və digər təşkilatlarda iştirakı konkret problemlərin həllinə imkan verir, lakin onların ümumi işdəki çəkisi ilə bağlı çoxlu suallar qalır. Məsələn, BMT-də Afrika ölkələri “ikinci dərəcəli” rol oynayırlar. Müəyyən dərəcədə onlar metropoliyaların tapşırıqlarını yerinə yetirirlər. Üstəlik, Afrika ölkələrinin özlərinin yaratdığı qurumlar onlara təsir alətinə çevrilib. Buna misal olaraq, Qərb ölkələri regiondakı geosiyasi problemlərini həll etmək üçün təşkilatdan istifadə etdiyi üçün Saheldəki böhran səbəbindən bu gün ECOWAS nüfuzu ciddi şəkildə sarsıdılıb. Afrika İttifaqının fəaliyyəti və işinin təşkili üçün zəruri olan büdcənin əsas hissəsi Avropa İttifaqının və bəzi qeyri-Afrika ölkələrinin payına düşür. Beləliklə, bütün bunlardan sonra bəlli olur ki, Afrika dövlətlərinin öz institutlarının muxtariyyət vəzifələri həll olunmasa, beynəlxalq arenada suverenliyi təmin edilməyəcək. Yeni alternativlərin, məsələn, BRİKS-in ortaya çıxması Afrika ölkələrinin beynəlxalq arenada suverenliyini gücləndirməyə kömək edə bilər.

Xüsusilə qeyd etmək yerinə düşərdi ki, Fransa hökumətinin müstəmləkəçilik siyasəti günümüzdə bir sıra dövlətlərin tənqid hədəfinə çevrilib. Sirr deyil ki, rəsmi Paris Afrikada özünün keçmiş müstəmləkəçilik irsini hələ də davam etdirir. Hələ də Fransa ələ keçirdiyi əraziləri amansızcasına istismar edib, oradan təbii sərvətləri daşımaqla məşğuldur. Əldə edilən bol xammal, ucuz işçi qüvvəsi bu ölkənin iqtisadiyyatı və sənayesi üçün vazkeçilməz mənbə sayılır. Doğrudur, 1960-cı ildə Madaqaskar müstəqillik əldə etdiyi zaman Fransa karbohidrogenlərlə zəngin arxipelaqı özünün xarici ərazilərinə çevirməyi təmin etdikdən sonra BMT buna qarşı çıxdı, amma rəsmi Paris hələ də mövqeyindən dönəcək kimi görünmür. Epars adalarının 1960-cı ildə Madaqaskarın müstəqilliyi ərəfəsində Fransa tərəfindən ələ keçirilməsi də səbəbsiz deyil və sirr deyil ki, buna səbəb strateji mövqe və karbohidrogen ehtiyatlarıdır.

Fransanın müstəmləkəçilik siyasəti yürütməsi fonunda ölkəmizin daxili işlərinə qarışmağa çalışması dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun 2023-cü ilin iyulun 5-də Bakıda öz işinə başlayan nazirlər görüşündə əsas müzakirə mövzularından birinə çevrilməsi də təsadüfi sayıla bilməz. Hətta cənab Prezident İlham Əliyev öz çıxışı zamanı qeyd edib ki, neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. Dövlət başçısı onu da bildirib ki, Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Ölkə rəhbərimiz haqlı olaraq və yerindəcə qeyd edib ki, özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır. Açıq-aydış şəkildə görünür ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır. Qoşulmama Hərəkatı kimi mötəbər qurumların iclaslarında Fransanın müstəmləkəçilik siyasətinə qarşı haqlı çıxışların edilməsi rəsmi Parisə, ümumiyyətlə, neokolonializmə böyük zərbədir.

Qeyd etmək lazımdır ki, müstəqillik əldə etmək, Fransa kimi bir müstəmləkəçilik siyasəti yürüdən dövlətin əsarətindən qurtulmaq istəyən, hüquqları pozulan dövlətlər, xalqlar və ərazilər BMT və digər aparıcı beynəlxalq təşkilatların dəstəyinə ehtiyac duyurlar. Görünən odur ki, hələlik onların səsinə təkcə rəsmi Bakı reaksiya verir, yalnız Bakı Təşəbbüs Qrupu aktiv addımlar atır, Fransanı siyasətini dəyişməyə məcbur edir. Bütün günü demokratiya və insan hüquqlarından dəm vuran aparıcı beynəlxalq təşkilatlar və dövlətlər hələ də ikili standartlarla öz nüfuzlarına zərbə vurmaqdadırlar. Lakin neokolonializmə məruz qalan Afrika ölkələri bu vəziyyətlə barışmamalıdırlar. Mübarizəni davam etdirməli, əsarətdən, neokolonializmdən sadalanan yollarla qurtulmalıdırlar…