Türkiyə üçün tarixi gün
Türkiyənin 41 ildir mübarizə apardığı PKK terror təşkilatı bu gündən silahı yerə qoymağa başlayacaq. SİA xəbər verir ki, proses 30 nəfərlik qrupun silahı yerə qoyması ilə start götürəcək. Mərasimin İraqın Süleymaniyyə şəhərinin Dukan rayonunda baş tutacağı və saat 10:00-da başlayacağı bildirilir. Üç-dörd aya tamamlanacaq prosesə MİT və Türkiyə Silahlı Qüvvələri nəzarət edəcək. Təyin olunmuş mərkəzlərdə toplanan silahlar xüsusi üsullarla məhv ediləcək və üçüncü ölkəyə göndərilməyəcək.
Silahsızlaşdırma prosesi ilə paralel olaraq təşkilatın logistik mərkəz kimi istifadə etdiyi anbarlar da məhv ediləcək. Proses irəlilədikcə düşərgələr də boşalacaq. Cinayətlərlə əlaqəsi olmayan şəxslər istəsələr, sərbəst şəkildə Türkiyəyə qayıda biləcəklər. Bu şəxslərə qarşı heç bir ittiham irəli sürülməyəcək. Prosesin digər detalları isə təhlükəsizlik baxımından gizli saxlanılır.